• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1446
— 23.01.2017 13:09

Yol qəzaları 2 nəfəri canından, 2 nəfəri isə sağlamlığından etdi

KepezTV Player

Piyada yol qəzasında həyatını itirdi. Avtomobil yoldan çıxaraq, dirəyə çırpıldı, sürücü öldü. Yük maşını aşdı, iki nəfər xəstəxanalıq oldu. Yollarda baş verən qəzalar yenə də insanları canından və sağlamlığından edib.

Zaqatalada piyada ölümü ilə nəticələnən yol qəzası baş verib. Rayonun Əliabad qəsəbəsi ərazisində Samiq Muradov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən yolu sərxoş halda keçmək istəyən piyada, Əliabad qəsəbə sakini, 62 yaşlı Ramiz Ağaməmmədovu vurub. Ağaməmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

Şirvanda baş verən avtoqəzada isə 66 yaşlı sürücü ölüb. Heydər Əliyev prospektində şəhər sakini, 67 yaşlı Allahqulu Musayevin idarə etdiyi "VAZ" markalı avtomobil yoldan çıxaraq, dirəyə çırpılıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Tibbi müdaxilələrə baxmayaraq, yaralı xəstəxanada dünyasını dəyişib.

Goranboyda isə xəsarətlə nəticələnən yol qəzası qeydə alınıb. Rayonun Zeyvə kənd sakini, 44 yaşlı Ruslan Qədimov Goranboy-Ağcakənd yolunda “Ford” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və maşında olan sərnişin, 55 yaşlı Asif Əskərov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Vəziyyətləri orta-ağırdır.

Faktlarla bağlı araşdırma aparılır.

Vüsalə Camal