• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3146
— 19.01.2017 10:18

Türkiyə

KepezTV Player

Türkiyə Avropa, Asiya və Afrika qitələrinin bir-birinə ən çox yaxınlaşdığı nöqtədə yerləşir. Əhalisinin əksəriyyəti İslam dininə inanır. Ölkənin rəsmi dili türk dilidir.

Türkiyəyə yolu düşən hər bir turist əvvəlcə türklərin Vətənə və Mustafa Kamal Atatürkə sevgisinin şahidi olacaq. Ölkədə elə bir şəhər yoxdur ki, siz orada binaların pəncərəsindən dalğalanan türk bayrağını, meydanında isə Atatürkün heykəlini görməyəsiniz.

Tarixi, insanları ilə dilləri əzbəri olan Türkiyədə addımbaşı muzeylərə, mədəni abidələrə rast gəlinir. Səlmiyyə məscidi, Aya Sofiya, Qız qalası, Sultan Əhməd məscidi, Dolmabaxça sarayı turistlərin sevərək görmək istədiyi məkanlardır.

Türkiyədə turizm iqtisadiyyatın vacib bir hissəsini təşkil edir. Qəbul etdiyi turist sayına görə dünyada 6-cı, Avropada isə 4-cü yerdə qərarlaşır.

İnşaat, elektronika, neft-kimya məhsulları istehsalı, qida, dağ-mədən sənayesi kimi sahələr də iqtisadiyyatın mühüm sektorlarındandır. Hazırda Türkiyənin qarşısında 2023-cü ilədək dünyanın on ən böyük iqtisadiyyatından birinə sahib olmaq hədəfi var.

80 milyona yaxın əhalinin böyük əksəriyyətini - 80%-ə yaxınını türklər təşkil edir. Burada kürdlər, ərəblər, yəhudilər, yunanlar və digər xalqların nümayəndələri də yaşayırlar.

Türkiyə Cümhuriyyətinin iqlimi subtropikdir. Egey və Aralıq dənizlərinin sahillərində yay həddindən artıq isti və quru olur, qış yağıntılı keçir. Dəniz mövsümü burada tez başlayır və uzun sürür - apreldən oktyabra qədər hava günəşli olur. Analoji şərait Mərmərə dənizi sahilləri üçün də xarakterikdir. Qara dəniz sahilləri də mülayim qışa və ilıq yaya malikdir, ancaq buralarda nəmişlik xeyli yüksəkdir, yağış daha çox yağır. Anadolunun cənub-şərqində isə havalar daha çox soyuq olur.

Zəngin mətxəbə malik Türkiyədə bir-birindən ləziz təamlar təkcə yerli sakinlərin deyil, qonaqların da zövqünü oxşayır. Mantı, dönər, kumpir, müxtəlif kabab çeşidləri, saymaqla bitməyən nümunələr... Dünyanın ən qədim şirniyyatlarından hesab edilən lokumun da vətəni Türkiyədir. Türklər çaydan istifadəyə görə dünyada ikinci yerdədirlər. İslam ölkəsi olmasına baxmayaraq, spirtli içki qəbul etmə həcminə görə 3, siqaretdən istifadəyə görə isə 4-cü sıradadır.

Şəhərlərarası sərnişindaşıma əsasən avtobusla həyata keçirilir, dəmiryol nəqliyyatı o qədər də inkişaf etməyib. Ölkədə benzinin 1 litri 5.41 lirəyə satılır – bizim pulla təxminən 2 manat 60 qəpik. Bu səbəbdən taksi qiymətləri heç də hamının cibinə uyğun deyil. Elə ictimai nəqliyyatda da qiymətlər yüksəkdir. Ancaq məktəblilərə və tələbələrə xüsusi kart vasitəsilə güzəştlər olunur.

Türkiyənin təhsil sistemi 8 illik icbari təhsilə əsaslanır. Daha sonra 4 illik orta təhsil gəlir. Universitetə qəbul "Tələbə Seçmə Sınağı" vasitəsilə həyata keçirilir. Bu ölkənin Hacəttəpə, Boğaziçi, Orta Doğu Teknik Universiteti kimi dünya səviyyəsində tanınan ali təhsil ocaqları var.

Ölkədə orta yaş həddi kişilər üçün 71, qadınlar üçün 75 yaşdır. Ən xoşbəxt şəhəri isə Sinop hesab edilir.

Türkiyədə futbola böyük maraq var. Çox az hallarda şəhər komandalarına azarkeşlik etməyən insanlarla qarşılaşa bilərsiniz.

Əgər siz də Şərq və Qərb harmoniyasını seyr etmək istəyirsinizsə, Türkiyəyə üz tuta bilərsiniz. Azərbaycan vətəndaşlarından viza tələb edilmir.

Almaz İbrahimli