• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2062
— 17.11.2016 18:06

“Əvvəlki kimi atışma olmur, sərbəst yaşayırıq”

Düşmən təxribatı, eşidilən atəş səsləri onları əsla qorxutmur. Artıq adət etdikləri həyat tərzi gündəlik qayğıları ilə məşğul olan əhalini daha da mətinləşdirib, qorxmaz edib. Əməkdaşlarımız Goranboyun Tapqaraqoyunlu kəndində olub.

Düşmən mövqelərinə yaxın məsafədə yerləşən Tapqaraqoyunlu kəndində həyat öz axarı ilə davam edir. Kənd sakinləri payız-qış mövsümü ilə əlaqədar təsərrüfat işləri ilə məşğul olur. 740 təsərrüfatın olduğu kəndin 3400 nəfər əhalisini ara-sıra eşidilən atəş səsləri qorxutmur.

Yetər Qarayeva -kənd sakini: “Bir Allah o qara buludu üzərimizdən götürsün. Kəndin yuxarı hissəsinə çıxa bilmirik, heyvanımızı apara bilmirik, belə narahatçılığımız var. Ancaq əvvəlki kimi atışma olmur, sərbəst yaşayırıq”.

Samir Mustafayev -kənd sakini: “Aradabir səs gəlir, iri yox, xırda çaplı silahlardan atırlar. Biz də işimizlə gücümüzlə, təsərrüfatla məşğul oluruq. Ermənilərin atması bizim üçün maraqsızdır, qorxutmaq istəyirlər bizi, o da faydasızdır”.

Sakinlərin bu sərbəstliyinin bir səbəbi var - səngərdə mətin dayanan Azərbaycan əsgəri. Hansı ki, aprel döyüşləri bunu bir daha təsdiq etdi.

Həbib Paşayev -kənd sakini: “Mənfur düşmənlərimizlə çox yaxın məsafədə yerləşirik. Sağ olsun ordumuz, onlara layiqli cavab verir. Əhalimizdə də heç bir narahatçılıq yoxdur. Hamı əkinlə, biçinlə məşğuldur. Kənddə həyat öz axarı ilə davam edir”.

Tapqaraqoyunluların düşmən hədəfindən qorunması üçün də qabaqlayıcı tədbirlər görülüb. 2 km uzunluğunda və 4 metr hündürlüyündə olan istinad divarı kimi.

20-ilə yaxındır ki, erməni qəsbkarlarına sinə gərən Tapqaraqoyunluda bu gün həyat öz axarı ilə davam edir. Kəndi Azərbaycan əsgəri ilə yanaşı, istinad divarları da qoruyur. Bu divarın çəkilməsinində əsas məqsəd kəndin qəbristanlığının və otlaq sahəsinin təmas xəttinə yaxın olmasıdır ki, bura gələn kənd sakinləri mütəmadi olaraq erməni tərəfindən atəşə məruz qalmasıdır.

Tapqaraqoyunluda aprel döyüşləri zamanı infrasturuktura dəyən ziyan da aradan qaldırılıb. Dağılmış evlər bərpa olunub, zədələnən elektrik, qaz və rabitə xətləri yenidən çəkilib. Görülən işlər kənddə əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə yanaşı sakinlərin güvənini də artırır. Yenilməz orduya və güclü dövlətə.