• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 14.11.2016 14:47

Gəncədə uşaqlar üçün “O olmasın, bu olsun” və ya “Məşədi İbad” tamaşası oynanıldı

Tallində yaşayan həmyerlimizin Gəncədə səhnələşdirdiyi tamaşaya ictimai baxış olub. Həm balaca, eləcə də böyüklərin marağını cəlb etməsi üçün personajların bəzilərini kuklalar əvəzləyib. Səhnə əsərinin məşqlərinə bir ay bundan əvvəl başlanılıb.

"O olmasın, bu olsun" və ya "Məşədi İbad". Gəncə Dövlət Kukla Teatrının səhnəsində ilk dəfədir səhnələşdirilən komik, eyni zamanda düşündürücü tamaşa ilk izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Rəşad Əhmədzadə- Azərbaycan Dövlət Kukla Teatrının direktoru: “Teatrın bu mövzuya üz tutması böyük bir riskdir. Mən belə hesab edirəm ki, tamaşa çox gözəl alınıb, çox gözəl aktyor oyunu var, gözəl kuklalar var. Rauf Avşarovun sənəti hamımıza tanışdır. Mən bütün tamaşaçıları dəvət edirəm”.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları əməkdar artist Nağəddin Məmmədov, Xudayət Əsgərov və aktyor Nərmin Şərifova oynayır. Kuklalar teatrın baş rəssamı Sara Məmmədovanın əlinin məhsuludur.

Sahib Novruzov- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi: “Aktyorlar kuklalarla çox gözəl işləyirlər. Maraqlı uşaq tamaşası alınıb. Mən özüm elə tamaşanı uşaq kimi maraqla izləyirəm. Aktyorların mahir ifası, kuklaların oynaq vəziyyətdə olması və ifalar, musiqilər, ariaların ifası çox gözəldir”.

Səhnə əsərinə əslən Gəncədən olan və Estoniyada yaşayan Rauf Avşarov quruluş verib. 50 dəqiqəlik tamaşanın rəssam işi isə rejissorun həyat yoldaşı Xatirə Avşarovaya məxsusdur.

Rauf Avşarov- Əməkdar artist, tamaşanın quruluşçu rejissoru: “Burada tamaşaçı var. Buna baxmayaraq izləyicilər səhnə əsərinə maraqla baxır. Mən hamını bu tamaşaya dəvət edirəm. Ümidvaram ki, sizlərin xoşuna gələcək, güləcəksiniz. Bu, tanınmış komediyadır”.

Bu, Rauf Avşarovun Gəncədə quruluş verdiyi ilk tamaşa deyil. "Ağ daşın sirri”, “Qız qalası” və xalq nağılı əsasında hazırlanan “Cırtdan” da Kukla Teatrının səhnəsində oynanılıb.

Mehman Abbaszadə