• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1065
— 01.11.2016 16:28

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının basketbolçuları ölkə daxili yarışda növbəti dəfə uğurlu nəticəyə imza atıblar

Mərkəzin qızlardan ibarət komandası Xaçmazda keçirilən yarışda birinci yerə layiq görülüb. Gəncə basketbolçuları yerli olimpiya idman kompleksində təşkil edilən yeniyetmələrin 8-ci Respublika oyunlarının final mərhələsində bu nailiyyəti göstəriblər.  Nizami yurdunun kollektivi yarışda 2001-2003-cü il təvəllüdlü basketbolçular arasında fərqlənib. Zəriflər finala qədər Sumqayıt, Bakı və Qusar təmsilçiləri mübarizədən kənarlaşdırıb. Həlledici oyunda isə paytaxtın Neftçi komandası üzərində 50-42 hesabıyla qələbə qazanan gəncəlilər respublika oyunlarının qalibi adını qazanıblar. Xaçmazdakı yarışdan yüksək nəticə ilə qayıdan komanda üzvləri ilə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında görüş keçirilib. Əldə olunan uğur basketbol bölməsində görülən işin nəticəsi kimi qiymətləndirilib. Uşaq və yeniyetmələrin bu idman növünə axını, eləcə də nailiyyətlərin davamlı olması üçün daha çox çalışmağın vacibliyi vurğulanıb.

İntiqam Hüseynov -TRİM-in Gəncə filialının direktoru: "Bizim idman təşkilatının əsasnaməsinin tələbi də, bizim bu günkü iş prinsipimiz də kütləviliyi təmin etmək və eyni zamanda da dərəcəli idmançılar yetişdirməkdir. Bir komanda Azərbaycan çempionu olursa, demək onlar birinci dərəcə normasını yerinə yetirirlər. Həmçinin komandanın məşqçiləri birinci dərəcəli məşqçi-müəllim kateqoriya normasını özlərinə təmin edirlər. Bu həm təşkilatımızın göstəricisidir, həm də həmin məşqçilərin zəhmətinin bəhrəsidir."

Görüşdə həmçinin Azərbaycan çempionatının aşağı yaş liqalarında mübarizə aparan oğlanlardan ibarət Gəncə basketbolçularının çıxışı da müzakirə mövzusu olub. Nizami yurdunun komandaları Bakıda keçirilən yarışda yeganə region təmsilçisi kimi iştirak edir. Ölkə birinciliyində idman mərkəzinin 12 və 14 yaşlı basketbolçulardan təşkil olunan kollektivləri mübarizəyə qatılıb.

Orxan Cəfərzadə