• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1076
— 26.10.2016 11:54

Təhsil Respublika İdman Mərkəzinin ölkə birinciliyinin finalında iştirak etmək hüququ verən daha bir zona yarışı start götürüb

Bu dəfə Gəncə Şahmat Dama Məktəbində yeniyetmə şahmatçılar bölgənin ən güclülərini müəyyənləşdirir. Təhsil Nazirliyinin xətti ilə keçirilən yarışın açılış mərasimində son dövrlər ölkəmizdə şahmata marağın daha da artdığı, bunun da nəticəsi kimi Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurları sıralaması vurğulanıb. Bu cür yarışların uşaq və yeniyetmələrin püxtələşməsində böyük rol oynadığı qeyd edilib.  Rəsmi hissənin ardından ilk tura start verilib. 

Gəncədəki yarışlardan öncə rayonlarda zona mərhələrinə seçim xarakterli görüşlər keçirilib. Bu mübarizələrdə fərqlənən şahmatçılar Nizami yurdundakı birinciliyə vəsiqə əldə edib. 

Qərb regionun qaliblərinin bəlli olacağı yarışda bölgənin 14 komandasının tərkibində yer alan 119 iti zəka sahibi qüvvəsini sınayır. Birincilik 6 zonada təşkil olunur ki, Gəncə 4-cü zonaya aiddir. 7, 9, 11, 13, 15 və 17 yaşadək həm qız, həm də oğlanlar arasında reallaşan yarış iştirakçıların sayından asılı olaraq dairəvi və İsveçrə sistemi üzrə keçirilir.

Asif Həsənov - Gəncə Şahmat Dama Məktəbinin direktoru: "İstedadlı şahmatçılar üçün çox gözəl şans yaranıb ki, həm yeniyetmələrin, həm də məktəblilərin dünya və Avropa birinciliklərində ölkələrini təmsil etsinlər. Dövlətimiz sağ olsun. Məktəblilər arasında Təhsil Nazirliyi, yeniyetmələr arasında isə Gənclər və İdman Nazirliyi tərəfindən şahmatçıların dünya və Avropa birinciliklərində iştirakları təmin olunur. Bu çox mühüm şərtdir. İdmançılar üçün də fürsət düşüb. Gərək bundan istifadə edərək şans əldə etsinlər".  

Zona birinciliyinin sonunda ilk 3 pillədə qərarlaşan şahmatçılar respublika yarışının finalına qatılacaq. Həlledici mərhələdə birinci yerin sahibi dünya, ikinci mövqedə yer alanlar isə Avropa birinciliyinə vəsiqə qazanacaqlar.  

Orxan Cəfərzadə