• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 28.09.2016 17:22

Tovuz Olimpiya İdman Kompleksi qərb regionunda ən böyük idman qurğularından biridir

6 il öncə istifadəyə verilən kompleks rayon idmanının inkişafında mühüm yer tutur.

Tovuzçayın sol sahilində 7 hektar sahədə yerləşən kompleks 3 korpusdan ibarətdir. 710 tamaşaçı yeri olan əsas idman salonunda kollektiv və fərdi idman növləri üzrə yarışlar keçirilir. Mərkəzdə müxtəlif ölçüdə məşq zalları, voleybol, basketbol meydançaları, tennis kortu və standartlara cavab verən süni örtüklü futbol meydanı var.

Sabir Rzayev- Tovuz OİK-in meneceri: “Ötən 4-5 il ərzində burdan 100-lərlə insan istifadə edib. Hər mövsüm yay tətilində uşaqların boş vaxtını səmərəli keçirmək, kütləviliyi təmin etmək üçün üzgücülük hovuzu, trenajor zalı fəaliyyət göstərir”.

İdman qurğusunda fəaliyyət göstərən bölmələr əsasən olimpiya idman növləri üzrədir. 

Sabir Rzayev- Tovuz OİK-in meneceri: “Uşaqlar, gənclər gəlib olimpiya idman növləri üzrə - boks, cüdo, taekvando və sərbəst güləşlə məşğul ola bilərlər. Bu növ üzrə qruplarda 25-30 idmançı məşq edir”.

Kompleks təbiət qoynunda yerləşməsinə və şəraitinə görə seçilsə də, kənardan bura maraq istənilən səviyyədə deyil. Bir qayda olaraq rayon və zona birinciliklərinə ev sahibliyi edən mərkəzdə daha nüfuzlu yarışlar keçirilmir. Elə ayrı-ayrı idman növləri yığma komandaların təlim-məşq toplanışı üçün Tovuzu seçməsi xəbəri də az rast gəlinəndir.    

Sabir Rzayev- Tovuz OİK-in meneceri: “Fakt gəlmək lazımdır, gəlib görmək və istifadə etmək. Bir dəfə gəlsinlər, xoşlarına gəlməsə gəlməsinlər. Qapımız açıqdır, bura idmançılar üçündür”.

Əvvəllər Olimpiya Kompleksinin mehmanxanasında yerli komanda ilə çempionat oyunları üçün Tovuza səfər edən klublar qalsalar da,  "Turan-Tovuz"un Premyer Liqanı tərk etməsi idman bazasının da işinə mənfi təsir göstərib.

Azad Rəfi