• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 29.06.2016 12:56

Avropa Liqası: Kəpəz heç-heçə ilə başladı

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin görüşlərinə start verilib. İlk mərhələnin birinci oyun günündə Azərbaycan təmsilçilərindən "Kəpəz" meydana çıxıb. "Dalğa Arena"da Moldovanın "Daçiya" klubunu qəbul edən Gəncəlilər 16 illik fasilədən sonra ilk avrokubok oyununa çıxıb. Təmsilçimiz böyük azarkeş dəstəyinə arxalansa da, tribunalarda boş yerlər çoxluq təşkil edib. İlk dəqiqələrdən kəşfiyyat xarakteri daşıyan matçda komandalar ehtiyatlı oyuna üstünlük verib. 9-cu dəqiqədə qonaqların qapısı qarşısında təhlükəli qol vəziyyəti yaranıb. "Kəpəz"in kamerunlu hücumçusu Julien Ebah ustalıqla topu özündə saxlasa da, zərbəsi qeyri-dəqiq alınıb. İlk yarım saatın tamamına az qalmış Şahin Diniyevin komandası daha bir fürsəti boşa verib. "Kəpəz"in daha yeni transferi Nicat Qurbanov Ebahdan aldığı ötürmə zamanı topu birbaşa qapıya vurmaq əvəzinə Serginyonu düşünməsi, hücumu məntiqsiz sonluqla başa çatdırıb. 33-cü dəqiqədə isə "Daçiya" futbolçuları ilk dəfə qola yaxın olublar. Ancaq Kojanovun zərbəsi az fərqlə yandan ötüb. 1 dəqiqə sonra isə Kişinyov təmsilçisinin qolkiperi Tural Axundovun uzaq məsafədən qapıya endirdiyi zərbəni çətinliklə dəf edərək komandasını qoldan xilas edib. Fasilə ərəfəsində isə Ebah gəncəli azarkeşləri növbəti dəfə üzüb. Nicat Qurbanovun asmasını çərçivəyə yollaya bilməyən forvard ilk hissədəki son hücumun iştirakçısı olub. Fasilədən sonra isə meydana nisbətən ilk yarıdakından fərqli "Daçiya" çıxıb. Tez-tez ev sahiblərinin qapısı qarşısında görünən moldovalılar qol vurmaq üçün fürsətlər qazansalar da, son zərbələrdə dəqiqlik çatmayıb. Nizami Yurdu təmsilçisinin ikinci hissədəki ən təhlükəli qol vəziyyəti isə 87-ci dəqiqəyə təsadüf edib. Dari Frederikonun ötürməsindən sonra oyuna sonradan daxil olan Orxan Əliyev qəhrəmana çevrilə bilərdisə, futbolçunun zərbəsini qolkiper zərərsizləşdirib. Beləliklə tərəflərin bütün cəhdlərinə baxmayaraq görüşdə hesab dəyişilməz olaraq qalıb. 0-0

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

28 iyun

“Kəpəz” (Azərbaycan) – “Daçiya” (Moldova) - 0:0

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (hamısı Qazaxıstan)

Bakı, “Dalğa Arena”

Hidayət Şahin