• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1424
— 16.02.2016 16:44

Robert Prosineçki: “Gəncədə insanlar futbolu çox sevirlər”

Futbol üzrə Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən Kəpəz-Qarabağ oyununu Robert Prosineçkinin izləməsi haqda xəbər vermişdik. Azərbaycan yığma komandasının baş məşqçisi matçdan sonra "Kəpəz" və yerli azarkeşlər haqda təəssüratlarını televiziyamızla bölüşüb.

Paytaxtla yanaşı, bölgələrdə keçirilən oyunları da tribunadan canlı seyr edən çalışdırıcı ilk dəfə Gəncəyə təşrif buyurub. Onu Nizami yurduna səfərdə köməkçisi, Gəncə futbolunun yetirməsi  Mahmud Qurbanov müşayiət edib. Yığma məşqçiləri son zamanlar sərgilədiyi oyunla diqqət mərkəzinə düşən “Kəpəz”i iş başında görmək üçün Gəncəyə gəliblər.

Robert Prosineçki -Azərbaycan yığma komandasının baş məşqçisi: ""Kəpəz” bu il premyer liqada çox yaxşı oyun nümayiş etdirir. Bu komandada yaxından izlədiyim və millidə görmək istədiyim oyunçular var. Konkret ad çəkmək istəmirəm. Qarşıda bizi Türkiyədə təlim-məşq toplanışı gözləyir. Həmin hazırlıqda heyətə yeni simaların çağırılması mümkündür. Hələlik bu haqda danışmaq tezdi. Zamanı gələndə siyahını açıqlayacağam”.

“Kəpəz”in heyətində çıxış edən Namiq Ələsgərovun oyununu yüksək qiymətləndirən xorvatiyalı məşqçi onu yenidən milliyə dəvət edəcəyini deyib.

Robert Prosineçki -Azərbaycan yığma komandasının baş məşqçisi: "Bu gün millinin oyunçularından razı qaldım. Xüsusilə Namiqi qeyd etmək istərdim. Ötən il bu futbolçunu Malta ilə oyunda milliyə dəvət etmişdim. Təəssüf ki, həmin görüşdə ağır zədələndi və bir neçə ay futboldan kənarda qaldı. Namiqin yaxşı formada olması məni sevindirir. Sözsüz ki, bu cür çıxışını davam etdirsə onu toplanışına çağıracağam".

Yığmanın baş məşqçisi Gəncədəki çoxsaylı azarkeş kütləsinə də toxunub. Prosineçki “Kəpəz” fanatlarının möhtəşəm olduğunu bildirib.

Robert Prosineçki - Azərbaycan yığma komandasının baş məşqçisi: "Mən burda çılğın azarkeş ordusu gördüm. Stadiona bu qədər fanatın toplaşması və onların komandaya böyük dəstək verməsi çox sevindirici haldır. Bu onu göstərir ki, Gəncədə  insanlar futbolu çox sevirlər. Əfsuslar olsun ki, millinin görüşlərini burda keçirməyə imkan yoxdur. Məncə, yığmanın oyunları bu stadionda baş tutsa, futbolçuları izləmək üçün daha çox azarkeş gələr”. 

Bunadək milli komandanın əcnəbi baş məşqçilərindən Gəncəyə oyun izləmək üçün gələn olmayıb. Bu mənada Robert Prosineçkinin qərb səfəri bir ilkdir.

Orxan Cəfərzadə