• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1011
— 15.02.2016 16:29

“Kəpəz”in baş məşqçisi: “Yaxşı mübarizəli bir oyun oldu”

Futbol üzrə Azərbaycan Premyer Liqasında 21-ci turun növbəti oyunları keçirilib. Turun mərkəzi qarşılaşması Gəncədə baş tutub.

Bu oyunda “Kəpəz” doğma meydanda lider “Qarabağ”ı qəbul edib. Görüşü premyerliqa üçün rekord sayda - 20400 azarkeş izləyib. Qarşılaşmaya fəal başlayan ağdamlılar 9-cu dəqiqədə hesabı açmağa müvəffəq olublar. Küncdən ötürmə zamanı qapı önündə yaranan qarışıqlıqdan Rəşad Sadıqov istifadə edərək, komandasını hesabda önə çıxarıb. Ancaq buna baxmayaraq, ilk yarının son dəqiqələrində gəncəlilər hesabı bərabərləşdiriblər. Namiq Ələsgərov İbrahim Şehiçin qoruduğu qapıya yol tapıb. İkinci yarıda bərabər səviyyədə oyun getsə də, 83-cü dəqiqədə görüşün taleyini həll edən qol vurulub. Əfran İsmayılovun küncdən havalandırdığı top qapı dirəyinə dəyərək torla qovuşub. Beləliklə 2:1 hesabıyla qalib gələrək qərb səfərindən 3 xalla ayrılan “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. "Kəpəz" isə bu məğlubiyyətdən sonra 4-cü pilləyə enib.

Qurban Qurbanov- "Qarabağ"ın baş məşqçisi: "Bu gün komandamdan gözəl oyun gözləmirdim. Sadəcə futbolçulardan yaxşı mübarizə istəmişdim. Tapşırıqlarımı yerinə yetirdilər. Amma texniki səhvlər oldu. Bu da normaldı. Ümumi oyundan razı qaldım".

Şahin Diniyev- "Kəpəz"in baş məşqçisi: "Əvvəlcə "Qarabağ"ı təbrik edirəm. Mənimlə razılaşarsınız ki, həqiqətən bu oyun turun mərkəzi qarşılaşması idi. Hər iki tərəfdə təzyiq var idi. Komandalar ehtiyatlı oynayırdılar. Yaxşı mübarizəli bir oyun oldu. Meydançanın hər qarışı uğrunda mübarizə getdi. Təvazökarlıqdan kənar olsa da, mənə elə gəlir ki, bu oyunun ədalətli nəticəsi heç-heçə olmalıydı".

Orxan Cəfərzadə