Avropa qrupu Afinaya növbəti, 130 milyard avroluq tranşın ayrılması və özəl banklara olan dövlət borcunun yarıdan çoxunun silinməsi ilə bağlı qərar verməklə Yunanıstanı faktiki olaraq defoltdan xilas etdi. Bəs bu, Yunanıstan vətəndaşlarını sevindirirmi?
Yunan mühafizəkarlarının lideri Antonis Samaras Yunanıstan hökumətinin qəbul etdiyi sərt iqtisadi islahatlar müqabilində avropalı kreditorların ayırdığı 130 milyardlıq maliyyə yardımının böyük qələbə olduğuna inanır.
Antonis Samaras - yunan mühafizəkarlarının lideri: “Avropa qrupunun bu qərarı böyük əhəmiyyət kəsb edir. Bu, ölkənin iflas təhlükəsini aradan qaldırır, bizim Avropa perspektivlərimizi möhkəmlədir, borcların silinməsinə yol açır, eyni zamanda, seçki keçirilməsi üçün yeni şərait yaradır”.
Afina küçələrində isə bu qələbə, sərt iqtisadi tədbirlərdən zərəçəkmişlərə heç də təsəlli vermir. Belə ki, hökumət dövlət borclarının bir qisminin silinməsi üçün avropalı kreditorlara dövlət sektorunda çalışan 15 min işçini ixtisar etməyə söz verib. “Yeni razılaşma və razılaşmada nəzərdə tutulan yeni ölçülər, Yunanıstan və onun gələcəyi üçün sözün əsl mənasında faciədir. Bu, nəinki dövlət sektoru işçilərinin müflisləşməsinə səbəb olacaq, eyni zamanda böhranın səviyyəsinin və ölkə problemlərinin artımına yol açacaq” - deyə, Həmkarlar İttifaqından bildirilib. Yunan vətəndaşlarının əksər çoxluğunun Avrozonada qalmaq istəmələrinə rəğmən, Avropanın qoyduğu sərt tələblər artıq onlarda qorxu effekti yaradıb. Əhali arasında işsizliyin səviyyəsi 21 faizə qalxıb, ümumdaxili istehsal 11.3 faiz geriləyib.