18 saylı orta məktəbin akt zalında baş tutan toplantıda 26 fevral Xocalı soyqırımı da yad edilib.
Tədbirin əvvəlində Xacalı faciəsində həlak olanların xatirəsi 1 dəqiqəlik sükütla anılıb. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının direktoru Xəyal Hacıyev Xocalı şəhərinin işğalı və baş vermiş soyqırım haqda söhbət açıb. ,,Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı qətliamı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə dünya tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir,, - söyləyən Xəyal Hacıyev bugünün idmançılarının gələcəyin əsgəri olduğunu bildirib.
Tədbirin davam edən bölümündə cari ilin yanvar və fevral ayları ərzində filial idmançılarının respublika və beynəlxalq səviyyəli bir sıra yarışlarda iştirakı bəradə məlumat verilib. İdman ocağının yetirmələrinin əldə etdiyi nəticələrdən danışılıb. Bunlar arasında Ankarada Yaşar Doğunun xatirəsinə həsr olunan sərbəst güləş üzrə 40-cı beynəlxalq turnirdə Qalib Əliyevin mükafat qazanmasından xüsüsi ilə bəhs olunub. Əliyev 55 kq çəki dərəcəsində bürünc medala yiyələnib. Buna qədər gənclər arasında çıxış edən və kişilərin mübarizəsində ilk dəfə olaraq beynəlxalq yarışa qatılan həmyerlimizin fəxri kürsüyə qalxması yüksək qiymətləndirilib. Mərkəz rəhbərliyi tərəfindən idmançıya xatirə hədiyyəsi verilib.
Geridə qalan müddətdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının atletlika, cüdo və yunan roma güləşi üzrə bölmələrinin yetirmələri də ölkə daxili yarışda uğurlu çıxışla seçiliblər. Filialin basketbol komandası isə İranın Sarab şəhərində düzənlənən beynəlxalq turnirdə iştirak edib.
Nəzərinizə çatdıraq ki, təhsil respublika idamn mərkəzinin Gəncə filialında yeniyetmə və gənclərin məşğul olduğu 13 idman növünün hamısı olimpiya növləridir. Mərkəzdə ayrı ayrı bölmələr üzrə ümumilikdə 2500 idmançı məşq edir.
Fariz Əlizadə