• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 760
— 17.01.2016 13:30

Gəncədə qiymət artımının qarşısının alınması məqsədilə yarmarka keçirilib

Gəncədə məhsul-satış yarmarkası keçirilib. Kəpəz TV (Region TV) xəbər verir ki, süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilən yarmarka davamlı olacaq.

Elnur Rzayev- Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini: "Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi yarmarkada qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manata, quş əti 2 manat 30 qəpiyə, 50 kq-lıq un kisəsi 21 manata şəhər sakinlərinə təklif olunur. Çıxarılan məhsullarla bağlı məhdudiyyət yoxdur, kifayət qədər ehtiyat var, yarmarka günün sonuna qədər davam edəcək. Belə yarmarkalar hər 10 gündən bir keçiriləcək”.

Gəncə sakinləri yarmarkada yumurtanı 10 qəpikdən alıb. Elə alıcı sıxlığı da daha çox yumurta stendlərinin qarşısında hiss olunur.

Şəhər sakini: “Keyfiyyət də yaxşıdır, yumurta 10 qəpikdir - belə davam etsə əla olar”.

Şəhər sakini: “Yumurta marketlərdə də 10 qəpikdən olsa, əhalinin güzəranı yaxşı olar”.

Şəhər sakini: “Ucuzluqdur bu gün, çox yaxşıdı. Hökumətimiz sağ olsun. Bayrağımız uca olsun. Canımız sağ olsun ki, ruzimizi sağ-salamat, ağız şirinliyi ilə yeyək”.

Şəhər sakinləri yarmarkaya çıxarılan ərzaq məhsullarının çeşidinin artırılmasını istəyirlər.

Şəhər sakini: “Heç olmasa həftədə bir dəfə təşkil olunsa, daha yaxşı olardı”.

Şəhər sakini: “Xahiş edirəm burada kartofun da, digər qida məhsullarının da satışı təşkil edilsin. Bir ət, toyuq, yumurta və undan söhbət getmir axı”.

Şəhər sakini: “Vermeşil, makaron və başqa un məhsulları da olsun. Meyvə olsun, kartof çörəyi əvəz edir - kartof olsun. Quru meyvələr, dən lobya kimi məhsullar da olsa daha yaxşı olar. Mən də arıçılıqla məşğulam, indi icazə aldım, mən də məhsulumu bura çıxaracam".

Şəhər İcra Hakimiyyəti növbəti yarmarkalarda vətəndaşların arzu və istəklərinin nəzərə alınacağını açıqlayıb.

Xəyalə Mürsəl