Bu günə xəbərlərin oxunma sayı: 1693
— 16.01.2016 10:08

Göygöl Milli Parkı...

Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Lakin bəzən antropogen təsir ana təbiəti zədələyir ki, bu da onun məhvinə səbəb olur. Belə olan halda isə milli parklar və qoruqların yaradılması zərurəti ortaya çıxır. Hazırda, Azərbaycanda 890 min hektaradək xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən 8 milli park, 12 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Milli parklar – xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi və təbiəti mühafizə, elmi tədqiqat statusuna malik olan ərazilərdir. Azərbaycanda milli park və qoruqlar ölkə ərazisinin 10,3 faizini təşkil edir. Bununla yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yeni, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması istiqamətində də işlər davam etdirilir. Digər tərəfdən mövcud qoruqların əraziləri də genişləndirilir. Ümumiyyətlə isə qoruqlar, sayı azalmaqda olan bitki və heyvan növlərini qorumağa hesablanıb. Onlar həm də elmi əhəmiyyət daşıyır. Burda alimlər bitki və heyvanlar üzərində müşahidə aparır, nəsli kəsilməkdə olan növlərin sayını artırmaq üçün yollar axtarırlar.

Azərbaycanda ilk dəfə yaranan Göygöl Milli Parkı Qafqazın şimal-şərq yamaclarında yerləşir. Qoruq içməli su mənbəyi kimi Göygölün suyunun saxlanılması və təmizliyinin təmin edilməsi, Kiçik Qafqazın tipik landşaftının, faunasının və florasının qorunub saxlanılması, mühafizəsi və öyrənilməsi məqsədilə yaradılıb.

1925-ci ildə yaradılan qoruğun ərazisi dərin vadilər vasitəsilə bir çox tərkib hissələrinə ayrılıb. Həmin vadilərdə kiçik, iti çaylar axır. Burada 10-a yaxın göl mövcuddur. Meşəlikdə qonur dağ-meşə, çəmənlikdə dağ-çəmən torpaqları mövcuddur. İqlimi əsasən soyuq, qışı quru olur. Floranın tərkibini 420 növ bitki, o cümlədən 76 növ ağac və kolluq təşkil edir. 1100 - 2200 m hündürlükdə yarpaqlı ağaclar: şərq fısdığı, şərq palıdı, vələs ağacları mövcuddur. Göygölün ətrafında şam, vələs, palıd, küknar, quşarmudu, itburnu, yemişan, alça, gərməşov ağacı və kollar var. 

Xaliq İsgəndərov- Göygöl Milli Parkının direktoru: “2008-ci ildə prezidentin 2044 saylı fərmanı ilə Göygöl Milli Parkı yaranıb. Bu park yaranarkən xüsusi mühafizə olunan təbiət əraziləri saxlanılaraq yaradılıb. Göygöl Milli Parkının ərazisi 12755 hektardan ibarətdir. Bu ərazinin 5094 hektarı meşəlik, yerdə qalanı isə düzənlik ərazidir. Ərazinin 109 hektarı isə göllərin payına düşür”.

Bütün bunlar Azərbaycan təbiətinin rəngarəngliyindən, əzəmətindən xəbər verir. Bu mənzərələr ölkəmizin nağılvari guşələri ilə zəngin olduğunu göstərir. Hər bir vətəndaş isə əsrarəngiz təbiəti qorumalı və onu gələcək nəsilə olduğu kimi ötürməlidir.

 

Eşqin Zahid