Bu günə xəbərlərin oxunma sayı: 1385
— 05.01.2016 15:46

Futbol komandalarımızı Avropada uğura səsləyən azarkeş...

Azərbaycandan kənarda, xüsusən də Avropada yaşayan, çalışan və ya təhsil alan həmyerlilərimiz həm də ictimai fəaliyyətlə məşğuldurlar. Bu mənada futbol komandalarımızın köhnə qitədə keçirdiyi oyunlara son dövrlər qürbətçilərin marağı çoxalıb.  

Yığma komandalarımız dünya və Avropa çempionatının seçmə mərhələsində, klublarımız isə qitə miqyaslı turnirlərdə keçirdikləri səfər oyunlarında dəstəksiz qalmırlar ki, bu da Avropadakı həmyerlilərimizin hesabınadır. Komandalarımızı uğura səsləyən azarkeşlərdən biri də Şamil Mustafayevdir. Futbola sevgisi “Kəpəz”dən başlayan gənc fanat təhsili ilə bağlı Hollandiyada yaşayır. Bir neçə ildir ki, ölkə xaricində olan Mustafayev mütamadi olaraq komandalarımızın çıxışına diqqət göstərir.  

Şamil Mustafayev- futbol azarkeşi:  “İstər milli, istərsə də klub olaraq son beş ayda bir çox oyunlara getmişəm. Avroliqada çıxış edən klublarımız və milli komandamızın bütün oyunlara getmişəm. Əsas məqsədimiz komandalarımıza dəstək olmaqdır. Təbii ki, ümid edirəm “Kəpəz” də bu komandalarımızın sırasına qatılar, bu klubumuza da Avropada dəstəyimizi göstərərik”.

Tələbə-azarkeş bu mövsüm komandalarımızın iştirakı ilə 3 ölkədə keçirilən 4 oyunda tribunada yer alaraq futbolçulara dəstək verib.

Şamil Mustafayev- futbol azarkeşi: “İlk öncə Monakoda keçirilən “Monako” – “Qarabağ” oyununa getmişdim. Sonra Dortmundda keçirilən “Borusiyya” – “Qəbələ” matçına yollanmışam. 700 km məsafə qət edib Reqensburqa Almaniya və Azərbaycanın U-21-lərinin matçına tək azərbaycanlı olaraq getmişəm. Son olaraq Belçikada keçirilən “Anderlext” – “Qarabağ” matçında olmuşam.”   

Şamil Mustafayevin sözlərinə görə, Azərbaycan komandalarının oyunlarına Avropada yaşayan həmyerlilərimizin diqqəti tədricən artmaqdadır. Əgər əvvəllər stadionlarda barmaq sayda azarkeş görmək mümkün idisə, indi oyunlara gələnlərin sayı 10-larladır.

Hidayət Şahin