• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 22.12.2015 16:19

Şəmkir şəhərinin qalıqlarında aparılan arxeoloji işlər xarici arxeoloqların diqqətini cəlb edir

Orta əsr Azərbaycan tarixinin ən zəngin incilərindən sayılan qədim Şəmkir şəhərinin qalıqlarında aparılan arxeoloji işlər davam etdirilir. 2006-cı ildən bəri qazıntı və tədqiqat işləri aparılan ərazi xarici arxeoloqların da marağına səbəb olub.

Ümumilikdə 30 hektar ərazini əhatə edən orta əsr Şəmkir şəhərinin qalıqlarının 1 hektarı Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən tədqiq edilir. Qazıntı işləri zamanı X-XI əsrlərə aid yaşayış yerləri, təndir, zindan, su quyularının qalıqları aşkar edilib. Aparılan arxeoloji qazıntılar zamanı insanların həyat tərzini əks etdirən, dulusçuluq, heyvandarlıq, əkinçilik kimi sahələri əhatə edən maddi-mədəni nümunələr tapılıb. Qazıntılar tarixi İpək Yolunun üzərində yerləşən ərazidə qalanın o dövrlər karvanlar üçün strateji əhəmiyyət daşıdığını da üzə çıxarıb.

Namiq Hüseynli – arxeoloq: "2015-ci ilin yanvar ayından başlayaraq yeni qazıntı sahəsi qoyulub. Burada tikili kompleksləri, təndir qalıqları, təsərrüfat quyuları və bir çox maddi nümunələr aşkarlanıb. Bunların sıralarında şirli və şirsiz saxsı qablar, müəyyən bəzək əşyaları, silah nümunələri, əsasən də ox ucluqları tapılaraq qeydiyyata götürülüb".

Aparılan arxeoloji qazıntılar zamanı məlum olub ki, qalada XIII əsrə qədər insanların intensiv yaşadığı qeydə alınıb. Lakin monqolların Azərbaycana 2 dəfə yürüşü zamanı qala kompleksi dağıdılaraq viran qoyulub.

Arxeoloqların sözlərinə əsasən, bundan sonra ərazidə insan yaşayışına rast gəlinməyib. Bildirildiyinə görə, XIX əsrin əvvəllərində Çar Rusiyasının Qafqazdakı qoşunlarının baş komandanı general Sisianovun başçılıq etdiyi ordu qədim Şəmkir qalasında düşərgə salıb və buradan Gəncə xanlığına hücum edib.

Xaliq Qurbanlı