• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 762
— 04.12.2015 14:04

DSMF Gəncədə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib

Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Gəncədə regional “Açıq qapı günü”-vətəndaş forumu keçirib. Tədbirdə sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.

“Dövlət qulluqçularının pensiya təminatı,  fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov bildirib ki, bu sahədə həyata keçirilən islahatlar çərçivəsində dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunması və sığorta-pensiya sistemi vasitəsilə pensiya təminatı reallaşdırılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır. Forumda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.  

Qəmbər Əliyev – mühasib: "Fondun təqdim etdiyi elektron xidmətlər vasitəsilə heç bir əziyyət çəkmədən, vaxt itirmədən hesabatların təqdim edilməsi, sosial sığorta şəhadətnamələrin sifariş verilməsi və müavinətlərin ödənilməsini təmin edirik".

Nəbi Baxşəliyev - təqaüdçü: "Dövlət qulluğunun pensiyasını alıram. DSMF-nin keçirdiyi bu tədbirdən çox razıyam. Mütəmadi olaraq internet vasitəsilə fondun elektron saytına daxil olub, öz pensiyamın hesablanma qaydasına nəzarət edə bilirəm".

Bu il oktyabrın 1-nə olan statistikaya əsasən, respublikada dövlət qulluqçusu kimi pensiya alanların sayı 14630 nəfər təşkil edir. Onların 60,27 faizi yaşa görə, 26,56 faizi əlilliyə görə, 13,17 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət

qulluqçusu kimi pensiya alanların 69,99 faizi kişilər, 30,01 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 482,09 manatdır. Bu qəbildən olanlar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir.

Xaliq Qurbanlı