• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 02.12.2015 16:14

Goranboyda 20 yeni subartezian quyusu istifadəyə veriləcək

Payız fəsli olmasına baxmayaraq, havaların quraq keçməsi payızlıq əkinin suvarılmasında müəyyən çətinliklər yaradır. Goranboy rayonunda da mövsümü əkin sahələrinin vaxtında suvarılmasını həyata keçirmək üçün aidiyyəti qurumlar xüsusi növbəlilik tətbiq ediblər.

Rayonda əkin sahələrinin suvarılması təbii çaylarla yanaşı, həmçinin subartezian quyuları və nasos stansiyaları vasitəsi ilə həyata keçirilir. Hazırda rayonda 807 subartezian quyusu fəaliyyət göstərsə də, lakin əhalinin suya olan tələbatının  ödənilməsi üçün ilin sonuna kimi daha 20 yeni subartezian quyusu istifadəyə veriləcək.    

Hər il rayonda demək olar ki, orta hesabla 48 min hektar ərazidə əkin aparılır. Bu torpaqlardan 18 min hektarında taxıl, 1250 hektarda xəsil, 540 hektarında pambıq, yerdə qalan ərazilərdə isə yem və bostan bitkiləri əkilir. Əkilən sahələrin 20 min hektarı təbii çay suları ilə, 23 min hektarı subartezian quyuları, 5 min hektarı isə nasoslar vasitəsi ilə suvarılır. Oktyabrın 15-dən başlayaraq bu günədək əkin sahələrinin 7 min hektarı suvarılıb. Bununda 4800 hektarı subartezian, 2200 hektarı isə təbii çay sularının payına düşüb.

Ramiz Süleymanov- Goranboy Subartezian Quyuları İstismarı İdarəsinin baş mühəndisi: “Payızlıq dənli bitkilərin suvarılması hal- hazırda davam etdirilir. Havaların quraq keçməsi ilə əlaqədar olaraq idarənin balansında olan 807 subartezian quyusundan 600-ü bu məqsədlə suvarmaya cəlb olunub. Hal-hazırda həmin qurğular tam gücü ilə işləyir”.

Rayonda suvarma zamanı itkiyə yol verilməsin deyə, 600 kubmetr arx və kanallar lil və alaq otlarından təmizlənib, hidrotexniki qurğular cari təmir edilib. Həmçinin əkin sahələrini sel sularından mühafizə etmək üçün 4 kilometrdən artıq torpaq kanal çəkilib.

Elton Cabbarlı