• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 02.12.2015 13:22

Gədəbəydə payızlıq taxıl səpini sürətlə davam etdirilir

Respublikanın ucqar dağ rayonu olan Gədəbəydə payızlıq taxıl səpini sürətlə davam etdirilir. Kəpəz TV (Region TV) xəbər verir ki, texnika çatışmazlığı olmadığından payızlıq səpinin vaxtında başa çatdırılması gözlənilir.

Rayonda əsasən kartof yetişdirilsə də, son bir neçə ildir fermerlər taxıl və arpa səpininə də maraq göstərirlər. Buna səbəb kimi dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və ayrılan subsidiyaları göstərmək olar. Elə bu səbəbdəndir ki, rayonda taxıl sahələri ildən-ilə genişlənir.

Namiq Rüstəmov- Gədəbəy Statistika İdarəsinin rəisi: “2014-cü ildə 575 hektar ərazidə taxıl səpilmişdi. Bu il isə hələlik 473 hektar taxıl, 3 hektara yaxın arpa səpilib. Kənd təsərrüfatı işçiləri və fermerlər əsas üstünlüyü taxıla verirlər. Bu il 600 hektara qədər taxıl səpilməsi nəzərdə tutulub ki, bu da ötən ilin müvafiq dövrü ərzində əkilən taxıldan xeyli çoxdur”. 

Əkin işlərinin vaxtında yerinə yetirilməsi üçün rayonda yetərli sayda texnika mövcuddur.

Firuddin Məmmədov- fermer: “Əminliklə demək olar ki, fermerlər texnika sarıdan, gübrə sarıdan heç bir çətinlik çəkmir. Vaxtlı-vaxtında texnika və gübrə ilə təmin olunuruq. Məhz bunun nəticəsidir ki, əkdiyimiz sahələri ildən-ilə artırırıq. Məhsuldarlıq ildən- ilə artırılır. Yəni heç bir problem, qayğı yaşamırıq, dövlət tərəfindən hər cür təminat verilir”.

Rayonda 14 min hektara yaxın əkinə yararlı torpaq sahəsi var ki, bunun da orta hesabla hər il 12 min hektarında kartof, yerdə qalan sahələrdə isə taxıl, arpa və digər bitkilər əkilir.

Fermerlər bildirir ki, sahələrdən yüksək məhsul əldə etmək üçün vaxtlı-vaxtında bütün aqrotexniki qulluq göstərilir. Lakin əkin torpaqları dəmyə olduğundan təbiət də öz gücünü göstərməlidir.

Elton Cabbarlı