• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3284
— 27.11.2015 16:44

Gəncəyə yeni avtobuslar nə vaxt gətiriləcək?

Gəncədə ötən gün mikroavtobusun divara çırpılması şəhərdə sərnişindaşıma ilə məşğul olan bəzi nəqliyyat vasitələrinin istismara yararlı olmadığını bir daha ortaya qoymuş oldu. Mikroavtobusun əyləc sistemində yaranan problem çoxsaylı insan xəsarətləri ilə nəticələndi. Bu, amartizasiya müddətini başa vuran, eləcə də estetik cəhətdən tələblərə cavab verməyən mikroavtobusların yenilənməsi məsələsini gündəmə gətirir. Dövlət Avtomobil Xidmətinin Gəncə Regional Şöbəsindən yaxın vaxtlarda problemin həlli üçün növbəti addımın atılacağı bildirilir.

Zöhrab Abdullayev- sürücü: “Bu “Qazel”lər istismar müddətini başa vurub. Əlbəttə, təhlükəlidir”.

Son illər ərzində Gəncənin sərnişindaşıma nəqliyyatında müəyyən müsbət addımlar atılsa da, hələ də texniki və estetik cəhətdən tələblərə cavab verməyən mikroavtobuslar vətəndaşların xidmətindədir. Və ötən gün baş verən hadisə gün ərzində bəzi xətlər üzrə hərəkət edən mikroavtobusların sərnişindaşıma üçün yararlı olmadığını deməyə əsas verir. Nəqliyyat vasitələrinin texniki sazlığı ilə yanaşı salonu da ürəkaçan deyil. 

Biz şəhərdaxili sərnişin daşınması ilə məşğul olan mikroavtobuslara baxış keçirdik və  marşurutların bir çoxunun oturacaqlarının, eləcə də salonlarının pis vəziyətdə olduğunun bir daha şahidi olduq. Bu da sərnişinlərin haqlı narazılığına səbəb olur.

Sakinlər istifadəyə yararsız mikroavtobusların xətdən çıxarılmasını məqsədəuyğun hesab edir. Hər an baş verə biləcək qəza təhlükəsi, eləcə də nəqliyyat vasitəsinin salonundakı natəmizlik sərnişinləri narahat edir.

Fəxriyyə Qədimova- sərnişin: “Dünən 29 nömrəli marşrut bizim küçədə qəza törədib. Biz hər dəqiqə qorxuruq. Oturacaqlar, marşrutların indiki vəziyyəti müasir dövrlə ayaqlaşımır. Yaxşı vəziyyətdə deyil, hamısı qırıqdır”.

Cəlalət Əşrəfova- sərnişin: “Bu oturacaqlardımı?! Qırıq, sökük, dağınıq, pis vəziyyətdədir. Ona görə də, nə qədər səliqəli olsa, o qədər yaxşıdır”.

Sakinlərin sözlərinə görə, yaranan təhlükəli vəziyyəti bəzi sürücülərin idarəetmədə yol verdiyi xətalar bir qədər də qəlizləşdirir. Bununla belə istismara yararsız nəqliyyat vasitələrinin yenilənməsi gündəmdə olan məsələdir. Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsindən nəqliyyat təsərrüfatının yaxşılaşdırılması üçün ortatutumlu avtobusların xəttə buraxılmasının planlaşdırıldığı bildirilir.

İsa Quliyev- Dövlət Avtomobili Xidmətinin Gəncə Regional şöbəsinin aparıcı məsləhətçisi: “Nijni Novqorod şəhərində danışıqlar aparılır, müqavilələr bağlanılıb. 60-a yaxın yeni ortatutumlu, Avropa standartlarına uyğun olan nəqliyyat vasitələri fevral ayının sonlarına kimi sərnişinlərin istifadəsinə veriləcək. O nəqliyyat vasitələrindən ilk dəfə Gəncə şəhərinə gətirilir. Oturacaq yerləri 16-18 nəfərlik olacaq”.

Gəncədə gün ərzində 27 marşrut xətti üzrə 200 mikroavtobus, 8 marşrut xəttində isə 90 avtobus əhaliyə xidmət edir. Ötən illər ərzində Gəncəyə 70 ədəd ortatutumlu “Hyundai” və 120  ədəd “İsizu” markalı avtobus gətirilib.

Elnur Vahidoğlu