• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3281
— 27.11.2015 16:53

Yol qəzaları bu dəfə də canlar alıb, yaralılar var

Yenə yol qəzaları, yenə ağır nəticələr. Goranboy rayonunda baş verən ağır qəzada 4 nəfər dünyasını dəyişib, eyni sayda yaralı var. Gədəbəy və Quba rayonlarında da qeydə alınan qəzalarda iki nəfər həyatını itirib. Tovuzda isə piyadanı avtomobil vurub.

Bu gün Goranboyun Veyisli kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. İki “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində Ələsgər Ələsgərov, Saday İsmayılov, Yaşar Rzayev ölüb. Əlövsət Abdullayev kəllə-beyin travması ilə Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasına gətirilsə də, onun da həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Ələsgər Ələsgərov Veyisli kənd məktəbinin direktoru olub. Xəsarət alanlar isə - 25 yaşlı Nəriman Rzayev, 33 yaşlı Elman Həsənov, 38 yaşlı Bəxtiyar  Əhmədov, 34 yaşlı Xəqani Rzayevdir. Onlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Elman Həsənov daha sonra Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Gədəbəy rayonunun Qaramurad kəndində bu gün səhər saatlarında yol qəzası baş verib. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, xəsarət alan Qaramurad kənd sakini 41 yaşlı Əlövsət Abdullayev travmatologiya şöbəsinə gətirilib. Xəstəyə döş qəfəsinin küt və qapalı beyin travması diaqnozu qoyulub. Həkimlər Əlövsət Abdullayevə yardım etsələr də, həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saatdan sonra dünyasının dəyişib.

Quba rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Quba-Xaçmaz yolunun Zərdabi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dumanlı hava şəraitində Xaçmaz rayon istiqamətində hərəkətdə olan Vasif Niftəliyevin idarə etdiyi “VAZ 21-07” markalı avtomobil yol kənarındakı ağaca çırpılıb. Sürücü yerindəcə keçinib.

Tovuz rayonunun Əyyublu kəndində isə piyadavurma hadisəsi qeydə alınıb. Kənd sakini Ceyhun Həmzəyev yolu keçmək istəyərkən qəzaya düşüb. Müxtəlif bədən xəsarətləri alan yaralını sürücü dərhal Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırıb. Qəza nəticəsində əznik və çıxıqları olan zərərçəkənin vəziyyəti həkimlər tərəfindən normal qiymətləndirilir. Xəstəxanadan verilən məlumata görə, 46 yaşlı kənd sakini hadisə baş verən zaman sərxoş olub.

Bütün faktlarla bağlı artıq araşdırmalara başlanılıb.

İlham Məmmədzadə