• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 749
— 26.11.2015 12:47

Samux Dövlət Ovçuluq Təsərrüfatı quşların mühafizəsini gücləndirib

Qış mövsümünün gəlişi Azərbaycan ərazisinə miqrasiya edən quşların sayının artmasına səbəb olub. Bununla bağlı Samux Dövlət Ovçuluq Təsərrüfatı Kür, Qanıx, Qabırrı çaylarında və Mingəçevir su anbarının bir hissəsində köçəri quşların mühafizəsini daha da gücləndirib.

40420 hektar ərazini əhatə edən ovçuluq təsərrüfatında hazırda şimal ölkələrindən, Sibirdən gələn 5 növ qaz, ördək və digər su-bataqlıq quşları məskən salıb. Flora və faunanın qorunması, eləcə də təbii şəraitin canlılar üçün əlverişli olması Samux ərazisinə köç edən vəhşi quşların sayının ilbəil artmasına səbəb olub. Ərazidə 15 növdən artıq vəhşi məməlinin və 30 növə yaxın vəhşi quşun təbii yolla artımı və mühafizəsi aparılır.

Qalib Mehdiyev - Samux Dövlət Ovçuluq Təsərrüfatının direktor əvəzi: "Bununla yanaşı, brakonyerliyə qarşı da mübarizə aparırıq. Bu ilin 9 ayı ərzində tərəfimizdən 11 protokol və akt tərtib olunub. Bunlardan 6-ı qanunsuz ovla bağlıdır, 5 sənədləşmə isə təbiətə dəymiş ziyanla bağlıdır".

Azərbaycan təbiətinin incilərindən sayılan ceyranın insan təsirindən qorunması və təbii yolla artımı təsərrüfatda ciddi nəzarətdə saxlanılır. Heydər Əliyev və Ümumdünya Vəhşi Təbiət fondlarının xətti ilə hər il əraziyə ceyranların buraxılması burada təbii şəraitin onlar üçün əlverişli olması ilə bağlıdır.

Samux Dövlət Ovçuluq Təsərrüfatı ərazidə ceyranların ciddi şəkildə mühafizəsini təşkil etmək üçün müxtəlif sahələrə maarifləndirici plakatların quraşdırılmasını da həyata keçirir.

Xatırladaq ki, Samux Dövlət Ovçuluq Təsərrüfatının tabeçiliyində olan Şəmkir Dövlət Təbiət Yasaqlığında da nəsli kəsilmək üzrə olan heyvanların və quşların, eləcə də adı “Qırmızı kitab”a düşən canlıların ciddi mühafizəsi aparılır. 

Xaliq Qurbanlı