Bu günə xəbərlərin oxunma sayı: 1373
— 03.10.2014 09:04

Zərrabi məscidi

Qədim Gəncənin mühüm tarixi memarlıq abidələrindən hesab olunan Zərrabi məscidi eyni adlı məhəllədə yerləşir. Bəzi mənbələrdə abidənin XVII əsrə aid olduğu göstərilir. Nəzərə alsaq ki, xalq memarlığının qiymətli nümunələrindən olan eyvanlı məscidlər tipində inşa edilən Zərrabi məscidi məhəllə ağsaqqallarından Hacı Qəzənfər Kərbəlayi, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə tikilib, onda məscidin XVII yüzillikdə deyil, XIX əsrdə inşa edildiyini söyləmək olar.

Bu maddi mədəniyyət nümunəsi yarandığı dövrdən etibarən məhəllə məscidi kimi fəaliyyət göstərib və burdakı insanlarına xidmət edib. Sovetlər dönəmində isə tikilidən yaşayış binası kimi də istifadə olunub.

Qeyd edək ki, Zərrabi məscidi iki gümbəzlidir. İnşası eyvanlı və darovsarlı məscidlər tipində həyata keçirilib. Zərrabi məscidi 1979-cu ildən etibarən ictimai əsaslarla Nizami poeziya teatrının binası kimi fəaliyyət göstərməyə başlayıb. Nizami Gəncəvi irsinin tədqiqi ilə məşğul olaraq dahi şairin “Xəmsə”sinin motivləri əsasında burada bir sıra tamaşalar səhnələşdirilib. 1981-ci ilə kimi ictimai əsaslarla fəaliyyət göstərsə də, 1981-ci ildən sonra Gəncə Dövlət Dram Teatrının ştat vahidləri bu teatr üçün verilib. Teatr 90-cı illərə kimi mövcud formada fəaliyyət göstərib. 

Əli Qasımov– GDDT-nin direktoru: “1980-ci ildə ulu öndərimiz, ümummilli lider Heydər Əliyev Gəncədə olarkən tamaşalardan birini seyr edərək bildirmişdi ki, siz Nizami Gəncəvi ədəbi irsinin təbliği üçün ən yaxşı üsullardan birini seçmisiniz. Bunu daha da inkişaf etdirmək lazımdır. Həmin andan etibarən tamaşaların göstərilməsi daha da artırılır. Daha böyük əsərlərə müraciət edilir. Və 1990-cı ilin noyabr ayından etibarən Gəncə Dövlət Poeziya Teatrı kimi status alır və teatr indiyə kimi fəaliyyət göstərir”. 
Beləliklə, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının filialına çevrilən, hazırda bir mədəniyyət ocağı kimi işini davam etdirən Zərrabi məscidindəki tamaşaların açıq havada göstərilməsi onun xalq teatrı olduğunu söyləməyə haqq verir. 
 

Elnur İsmayılbəyli