• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 19.11.2015 16:28

Göygöl rayonuna 700 tona yaxın mineral gübrə gətirilib

Respublikanın hər yerində olduğu kimi, Göygöl rayonunda da payızlıq səpin  işləri davam etdirilir. Əkin sahələrində məhsuldarlığı artırmaq üçün rayona 700 tona yaxın müxtəlif növ mineral gübrə gətirilib.

Noyabrın əvvəlindən başlayaraq rayonda payızlıq səpinə start verilib. Bu müddət ərzində əkinəyararlı 13 min 40 hektar ərazinin 8 min hektarında səpin işləri aparılıb. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl Rayon Filialının bazasına sahibkarlara satılması üçün 550 ton azot, 130 ton amofos, 9 ton isə super fosfat olmaqla, müxtəlif növ mineral gübrə gətirilib. Qeyd edək ki, aqrar sahənin inkişafına dövlət dəstəyi çərçivəsində gübrələr fermerlərə 70 faiz güzəştli qiymətlərlə satılır.

Aydın Cəfərov- fermer: “51 ton gübrə götürmüşəm. Özü də aşağı qiymətlərlə - 70 faiz güzəştlə. Həmin gübrələrin də hamısını sahələrə səpdirmişəm. Heç bir narazılığım yoxdur. Ona görə ki, mən görürəm dövlət bizi dəstəkliyir, bizim arxamızda dayanır”.  

Artıq gətirilən gübrələrin 40 faizdən çoxu güzəştli şərtlərlə fermerlərə satılıb.

Ötən il fermerlərə ümumilikdə 500 tondan artıq gübrə satılıb. Rayonda səpin işlərinin dekabr ayının sonuna kimi aparılacağı nəzərə alınarsa, bu il fermerlərə satılan gübrənin miqdarının ötən illə müqayisədə daha artıq olacağı gözlənilir. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Göygöl Rayon Filialından bildirilib ki, ehtiyac yaranarsa, rayona əlavə gübrələr gətiriləcək.

Elton Cabbarlı