• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3779
— 01.10.2014 10:20

Çempionlar Liqasında qrup mərhələsinin II turunun görüşlərinə start verilib

İlk oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutub. Günün ən erkən oyunu Moskvada başlayıb. Burada Bavariya MOİK-lə üz-üzə gəlib. Baş məşqçi Xosep Qvardiolanın yetirmələri E qrupunda 2-ci qələbəsini qazanıb. 22-ci dəqiqədə Tomas Müllerin penaltidən vurduğu yeganə qol münhenlilərə 3 xal qazandırıb.

Bu qrupun digər oyunu İngiltərədə keçirilib. Mançester şəhərində son premyerliqa çempionu “Mançester Siti” “Roma”nı qonaq edib. 4-cü dəqiqədə Maykon Aqueronun  qarşısını kobudluqla aldığı üçün hakim “şəhərlilər” qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topun arxasına keçən zərərçəkən şansını boşa verməyib. “Canavarlar”ın cavabı isə çox çəkməyib. 23-cü dəqiqədə Totti hesabı tablodakı rəqəmləri eyniləşdirib. Qapıçıyla təkbətək mübarizədən qalib ayrılan təcrübəli futbolçu eyni zamanda görüşün yekun nəticəsini də müəyyənləşdirib.

Turun ən maraqlı görüşü F qrupunun oyunları çərçivəsində Fransada - PSJ-lə Barselona arasında baş tutub. Qapılara 5 qolun vurulduğu qarşılaşmada sevinən tərəf meydan sahibləri olub. Oyunda ilk qolu 10-cu dəqiqədə fransızlardan David Luis rəqib qapısından keçirib. 1 dəqiqə sonra Messi hesabı tarazlayıb. İlk hissənin ortalarında ev sahibləri yenidən önə keçib. Bu dəfə Veratti diqqət mərkəzinə düşüb. Qarşılaşmanın 54-cü dəqiqəsində Matuidi komadasının 3-cü qoluna imza atıb. Çox keçməmiş Neymar hesab arasındakı fərqi minimuma endirib. Ancaq katalonların bundan artığına gücü çatmayıb və parislilər Luis Enrikenin komandasını evə əli boş yola salıblar.

Eyni qrupuda yer alan kollektivlərin – Apoellə Ayaksın duelində isə tərəflər sülh bağlayıblar. Qrupun ilk oyununda doğma meydanda PSJ-lə 1:1 bərabərə qalan hollandlar səfərdə də meydanı 1 xalla tərk ediblər. 28-ci dəqiqədə Anderson hesabı dəyişib. 31-ci dəqiqədə cərimə meydançasında əllə oyuna görə təyin olunan penaltini Manduka qola çevirərək kiprlilərin aktivinə ilk xalı yazdırıb.

G qrupunun oyunları çərçivəsində "Şalke" Slovenyanın "Maribor" kollektivi ilə qarşılaşıb. Qarşılaşmada tərəflər hərəyə bir dəfə fərqlənib. Oyunda ilk qol isə qonaq komandanın aktivinə yazılıb. 37-ci dəqiqədə Damyan Bohar cərimə meydançası daxilində komanda yoldaşından aldığı ötürməni bir toxunuşla tora salıb. Almanlar bərabərlik qolunu 56-cı dəqiqədə vura bilib. Klas Yan Huntelar dəqiq zərbə müəllifinə çevrilib.

Qrupun digər qarşılaşmasında "Sportinq" - "Çelsi"ylə görüşüb. Matç qonaqların minimal hesablı qələbəsi ilə sonuçlanıb. Birinci hissənin ortalarında standart vəziyyətdən qapı önünə göndərilən topa Nemanya Matiç başla dəqiq zərbə endirərək "zadəganlar"a qələbə qazandırıb.

H qrupunun görüşləri çərçivəsində "Bate" - "Atletik Bilbao" oyunu sürpriz nəticə ilə yadda qalıb.  Oyunda tablo 19-cu dəqiqədə işə düşüb. Denis Polyakov hücumu məntiqi sonluqla bitirib. 41-ci dəqiqədə fərq iki topa yüksəlib. Bu dəfə Aleksandr Karnitskiy yerli azarkeşləri ayağa qaldırıb. Birinci hissənin son dəqiqəsində ispanlar hesab arasındakı fərqi azaltmağa müvəffəq olub.  Aritz Aduriz rəqib qapıçını məyus etsə də, bu qol təsəllidən başqa bir şey olmayıb. “Bate” 2-  “Atletik Bilbao” 1

"Şaxtyor" - "Porto" oyunu qrupun növbəti qarşılaşması olub. Görüşdə ilk dəqiq zərbə meydan sahiblərindən gəlib. 52-ci dəqiqədə Aleks Teyşeyra boş qapını nişan almaqda çətinlik çəkməyib. 85-ci dəqiqədə fərq böyüyüb. Luis Adriano komanda yoldaşının ötürməsini qolla tamamlayıb. Ancaq matçın son dəqiqələri daha maraqlı məcrada keçib. Belə ki, 89-cu dəqiqədə qayda pozuntusuna görə onbirmetrlik cərimə zərbəsini Cekson Martinez lazımınca dəyərləndirib. 1 dəqiqə sonra isə futbolçu dubl edərək, "Porto"ya 1 xal qazandırıb. 2:2