• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4162
— 01.10.2014 14:47

Goranboyda kütləvi qətl hadisəsi törədilib, 7 nəfər ölüb (YENİLƏNİB)

Bu gün Goranboyda baş verən kütləvi qətl hadisəsi bütün ölkəni şöka salıb. Qısqanclıq zəminində silahdan istifadə edilməklə törədilən qanlı hadisə zamanı 2-si xəstəxanada olmaqla 7 nəfər  ölüb, 2 nəfər isə ağır yaralıdır.  

 

Hadisə səhər saatlarında Goranboy rayonunun Safukürd kəndində baş verib.  Kənd sakini Rafiq Hüseynov ailə münaqişəsi zəminində 7 nəfəri qətlə yetirib. İlkin məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun 2-ci həyat yoldaşı Südabə Məmmədovanın yas mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və Südabə Məmmədova atası evinə gəlib. Arvadını geri qaytara bilməyən Rafiq Hüseynov qayınanasının evinə gələrək ilkin olaraq qayınları Natiq və Namiq Məmmədovları ov tufəngi ilə vurub. Yan otaqdan səs-küyə gələnləri görən Rafiq Hüseynov otağa F1 əl qumbarası atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub. Kütləvi qətl nəticəsində bir azyaşlı da dünyasını dəyişib.

 

Firdovsi Vəliyev- Goranboy rayon Porokurorluğunun böyük müstəntiqi: “Baş vermiş hadisə ilə əlaqədar dərhal hadisə yerinə baxış keçirilib. Meyitlərin daxili müayinəsi aparılıb, hadisə şahidlərinin ilkin izahatı alınıb, foto şəkillər çəkilib. Hadisə yerindən və meyitlərdən iş üzrə əhəmiyyət kəsb edən maddi sübütlar götürülüb, qablaşdırılıb və gələcəkdə istintaqa təqdim olunacaq”.

 

Hadisə yerinə birinci gələn İman Mamedov isə olanları belə xatırlayır.

 

İman Mamedov- şahid: “Tez gəldim gördüm ki, dayım oğlunun biri ora yıxılıb, biri də bura. Bibimlə xalam da yıxılmışdı. Hamısını da öldürüb getmişdi”.

 

Silahlı insident zamanı xəsarət alan 1 azyaşlıya Goranboy rayon mərkəzi xəstəxanasında ambulator yardım edilib. Digər iki yaralı isə xəstəxanada dünyasını dəyişib. 

 

Mehman Əşrəfov- həkim: “Yaralılarla məşğul olduq. Biri qadın, biri də cavan oğlan idi. Hər ikisini də odlu silah yaralanmışdı. Onlara ilk köməklik göstərdik. Diaqnostik cəhətdən çətinliyimiz olduğu üçün onları Gəncə şəhərinə göndərdik. İki nəfər ağır vəziyyətdə olanlar isə keçindilər, biz də polis orqanlarına təhvil verdik”.

 

Həkimlər Gəncə şəhər TTYX-na gətirilən 2 nəfərin isə vəziyyətinin ağır olduğunu bildirirlər.

 

Bəxtiyar Əliyev- həkim cərrah: “1989-cu il təvəllüdlü Məmmədova Günel Haqverdi qızı bədəninə çoxsaylı qırma yarası alıb. Yardım göstərilib, yaraları tikilib. İkinci xəstə Məmmədov Natiq Allahyar oğlu da həmin hadisədə odlu silahdan qırma yaraları alıb və yaraları tikilib. Hər ikisinin də vəziyyəti ağırdır”.

 

Qətli törədən Rafiq Hüseynov Goranboy rayon polis şöbəsinə gələrək könüllü təslim olub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

 

 

 

12:11 olan xəbər

Goranboy rayon Porokurorluğun böyük müstəntiqi Firdovsi Vəliyevin Kəpəz TV-yə verdiyi məlumata görə, hadisəyə səbəb Rafiq Hüseynovun 2-ci həyat yoldaşı Südabə Məmmədovanın yas mərasimində əmisi oğlu ilə görüşməsi olub. Bundan hiddətlənən ərlə arvad arasında münaqişə yaranıb və Südabə Məmmədova atası evinə gəlib. İlkin olaraq qayınları Natiq və Namiq Məmmədovları ov tufəngi ilə vurub. Ardıncə səsə gələnlərin üzərinə F1 əl qumbarası ataraq 8-9 dəfə atəş açıb. Hadisə nəticəsində 2 nəfər Goranboy rayon Mərkəzi xəstəxanasında dünyasını dəyişib. Daha bir azyaşlı isə həmin xəstəxanada müalicə olunur. Ovçu olan Rafiq Hüseynov könüllü olaraq polisə təslim olub.

 

10:55 olan xəbər

Goranboy rayonunun Safukürd kəndində kütləvi qətl törədilib. Belə ki, kənd sakini Rafiq Hüseynov ailə münaqişəsi zəminində 7 nəfəri qətlə yetirib. Məlumata görə, onun həyat yoldaşı aralarında baş vermiş münaqişə nəticəsində evdən atasıgilə gedib. Daha sonra Rafiq Hüseynov qayınatasının evinə gələrək silahlı hücum edib. Otaqdan səs-küyün gəldiyini görən Rafiq Hüseynov otağa qumbara atıb. Qumbaranın partlaması nəticəsində 5-i qadın olmaqla 7 nəfər həlak olub. Kütləvi qətl nəticəsində 56 yaşlı Diləzbər Məmmədova, 31 yaşlı Fərqanə Məmmədova, 63 yaşlı Ofelya Məmmədova, 51 yaşlı Həvayət Məmmədova, 30 yaşlı Südabə Məmmədova, 25 yaşlı Namiq Məmmədov və 3 yaşlı İsa Məmmədov dünyasını dəyişib. Silahlı insident zamanı daha iki nəfər - 28 yaşlı Natiq Məmmədov və 26 yaşlı Günel Məmmədova yaralanıb. Yaralılar səhər saat 6 radələrində Gəncə şəhər TTYX-na gətirilib. Hal-hazırda odlu silahdan açılan atəş nəticəsində yaralanan şəxslərin üzərində cərrahiyyə əməliyyatı aparılır. Vəziyyətləri ağır olaraq qiymətləndirilir. Qətli törədən şəxs artıq saxlanılıb. Goranboy rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb.

 

Elnur Vahidoğlu, Xaliq Qurbanlı