• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1928
— 30.09.2014 20:03

Sumqayıtda şəxsi avtomobillərə qənim kəsilən, dəfələrlə məhkum olunan şəxs yaxalanıb

Sumqayıt polisi daha bir oğurluq faktının üstünü açmağa müvəffəq olub. Bu dəfə vətəndaşların şəxsi avtomobillərinə qənim kəsilən, dəfələrlə məhkum olunan Zakir Nurəliyev saxlanılıb.

Sumqayıt şəhər sakini Vasif Mürsəlov ərizə ilə 3-cü polis bölməsinə müraciət edərək ona məxsus “VAZ 21-07” markalı avtomobildən bir ədəd maqnitofon və 2 ədəd səsgücləndiricinin oğurlandığını bildirib. Vasif Mürsəlovla bir məhəllədə yaşayan Elsevər Babayev və Valeh Nuriyevin də avtomobilləri qarət olunub. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, həmin cinayət hadisələrini əvvəllər dəfələrlə məhkum olunmuş Sumqayıt şəhər sakini Zakir Nurəliyev törədib. O, saxlanılaraq bölməyə aparılıb.

İlkin dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edən Zakir Nurəliyev həbsdən çıxdıqdan sonra 4 avtomobildən oğurluq etdiyini bildirib. O, oğurluq yolu ilə ələ keçirdiyi maqnitofon və səsgücləndiricilərin heç birini sata bilməyib.

Faktla bağlı toplanan materiallar istintaqın aparılması üçün Sumqayıt şəhər Polis İdarəsinə göndərilib.

Araşdırmalar davam edir.