• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 25.09.2015 11:57

Ölkədə pambıqçılığa maraq niyə azalıb?

Ötən il Azərbaycanda 46 min tona yaxın pambıq toplanıb. Azərbaycanda “ağ qızıl”ın inkişafı üçün münbit şərait olsa da, bu göstərici olduqca aşağıdır. Azərbaycanda pambıq xüsusi ilə Kür - Araz ovalığında yetişdirilir. Bu gün ölkəmizdə yüksək məhsuldarlığa malik, quraqlıq, xəstəlik və ziyanvericilərə davamlı, tez yetişən sortların sayının kifayət qədər olmasına baxmayaraq pambığa maraq heç də ürəkaçan deyil. Fermerləri qane etməyən məsələ bu məhsulun satış qiymətinin aşağı olmasıdır. Qiymətə isə təsir edən amil emal sahələrinin azlığıdır. Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun  mütəxəssisləri yeni emal sahələrinin yaradılmasının respublikaya milyardlarla manat məbləğində gəlir gətirə biləcəyini qeyd edirlər. Eyni zamanda,  pambıqçılığa marağın artması özü ilə birlikdə bir sıra sahələrin də sürətli inkişafına səbəb ola bilər.

Həsənəli Aslanov - Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru: "Yüzminlərlə işyeri deməkdir. Pambıqçılığın inkişaf etdirilməsi heyvandarlığın da sürətli inkişafına bir başa təsir göstərə bilər. Heyvandarlıqda pambıq çiyidi ən qüvvəli yem hesab edilir və ağ qızılın 3-də 2 hissəsini ciyid təşkil edir. Bununla yanaşı pambıq yağı ərzaq kimi də qiymətlidir".

Ruhəngiz Hacızadə