• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 23.09.2015 15:59

Pambıqçılığın inkişaf etdirilməsi üçün respublikada emal sahələrinin yaradılması vacibdir

Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun təcrübə sahələrində pambıq yığımına başlanılıb. İşlərin bir aya yekunlaşması planlaşdırılır.

Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun 23 hektarlıq təcrübə sahəsi var. Burada 10 mövzuya aid 24 tədqiqat işi aparılır. İşlər əsasən seleksiya, aqrotexnologiya, aqrokimya, suvarma və genetika sahələrini əhatə edir.

İnstitutun təcrübə sahəsində bir həftəyə yaxındır ki, pambıq yığımına başlanılıb. Gün ərzində sahədən 2 tona yaxın məhsul toplanır.

Əsasən yerli tez yetişən sortların becərilməsinə üstünlük verilir. İnstitut tərəfindən Respublika Dövlət Sort sınaq Komissiyasına 10-na yaxın yeni pambıq sortu təqdim edilib.

Həsənəli Aslanov -Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru: "Bizim təcrübə sahələrində hazırda 8 rayonlaşmış sortumuzun ilkin toxumçuluq işi qurulub. Bu sortlar yüksək potensial imkanlara malikdir. Yetişmə müddəti qısadır - 120-130 günə yetişir, 55-60 sentner məhsul verməyə qabil olan sortlardır. Təbii ki, yüksək aqrotexniki şəraitdə".

Fermerləri qane etməyən məsələ isə ağ qızılın alış qiymətinin maya dəyərindən aşağı olmasıdır. Hazırda pambığın 1 kiloqramı 41 qəpiyə alınır.

Həsənəli Aslanov -Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İnstitunun direktoru: "Əgər pambığın alış qiyməti hardasa 70 qəpik olarsa, respublikamızın Kür- Araz ovalığında, pambıqçılıq bölgələrində kütləvi şəkildə bu məhsulun becərilməsi həyata keçirilər. Bu gün bir mənalı şəkildə, pambıqçılıq geniş şəkildə inkişaf etdirilməlidir. Çünki bu gün Azərbaycanın pambığa ehtiyacı var, dünyanın pambığa ehtiyacı var. Pambığın inkişaf etdirilməsi üçün respublikada emal sahələrinin yaradılması vacibdir".

Emal sahələrinin yaradılması mövcud pambıq sahələrinin artırılmasına, heyvandarlığın sürətli inkişafına, eyni zamanda yeni iş yerlərinin açılmasına və qeyri-neft sektorundan gələn gəlirin artmasına səbəb ola bilər. Hazırda respublika ərazisində olan pambıq sahələri 25 min hektara yaxındır. Qərb regionunda isə pambıq yalnız Samux və Goranboy rayonlarının ərazisində yetişdirilir.

Gülnar Fazilqızı