• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 764
— 18.09.2015 14:47

Bir salxımında 7-8 kq üzüm...

Bir üzüm salxımı 7-8 kq ola bilər. Bunun üçün əlverişli iqlim şəraiti, düzgün aqrotexniki qulluq olmalıdır. Ən əsası isə təbii ki, məhsuldar sort seçilməlidir. Samux rayonunda fərdi təsərrüfatçı əkib-becərmənin bütün qaydalarına əməl etməklə və düzgün sort seçməklə belə göstəriciyə nail ola bilib.  

Vətəni Mərkəzi Asiya sayılan Çəhrayı tayfu üzüm sortunun 10 il bundan qabaq ölkəmizdə əkininə başlanılıb və yüksək məhsuldarlıq əldə edilib. Yerli sortlardan fərqli olaraq zərərverici və xəstəliklərə tutulmadığı üçün bu sortun ölkəmizdə yetişdirilməsi məqsədəuyğun sayılır.

Kazım Hüseynov- KTN-nin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri: "Bazarda bu üzüm sortuna həmişə tələbat var. Gecyetişən üzüm sortu olduğu üçün tez və orta tezyetişən üzüm sortları ilə növbələşdirib, hər zaman bazarı təzə üzümlə əvəzləmək olar. Sadəcə olaraq problem bir qədər aqrotexniki tələbləri yerinə yetirməklə bağlıdır. Məsələn, problem preparatların çatışmazlığı, digər tərəfdən suvarma suyunun olmamasıdır".

Bu üzüm sortu Azərbaycanın digər bölgələrində də yetişə bilər. Nəticədə fermerlərin də maddi gəliri artmış olar.

Mütəxəssisin bildirdiyinə görə, bu sort vətənində 7-8 kq məhsul verir. Ölkəmizdə  yaxşı baxılarsa 4-5 kq arasında məhsul verə bilər. Ötən il təsərrüfatçı bir salxımdan 4-5 kq məhsul götürdüyünü söylədi.

Aidə Ramizqızı