• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 17.09.2015 12:15

Göygöldə sahibkarlara güzəştli şərtlərlə kreditlər verilib

Göygöl rayonunda güzəştli kreditləşdirilməyə dair işgüzar forum keçirilib. Forum çərçivəsində Göygöl və ətraf rayonlardan olan 61 sahibkara 805 min manat güzəştli kredit verilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlara inventisiya layihələrinin maliyyələşdirilməsi istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə növbəti forum Göygöl rayonunda keçirilib. 80-ə yaxın sahibkara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib. Nümunəvi layihələr təqdim edən sahibkarlara vəsait verilib.

Samir Hümbətov - Sahibkarlığa Kömək Milli Fondunun  şöbə müdiri: “Bu günkü forumdan 60- a yaxın sahibkar bəhrələndi. Onlara 800 min manata yaxın kredit verildi. Yerli sahibkarlar həmin kreditlər hesabına əsasən kiçik həcmli heyvandarlıq təsərrüfatları və üzüm bağları yaradacaq. Sənayedə mebel fabrikləri inşa edəcəklər”. 

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2015-ci ilin ötən dövrü ərzində 4000-dən çox sahibkara 141 milyon manatdan çox güzəştli şərtlərlə kredit verilib. Reallaşdırılan layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yeri yaradılıb.

Natiq Hüseyn