• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1168
— 23.09.2014 14:49

Gəncədə futbol məşqçilərinin AFFA tərəfindən təşkil edilən xüsusi ixtisasartırma kurslarına maraqları artır

Futbol şəhəri kimi tanınan Gəncədə müxtəlif idman məktəblərinin tərkibində 100-dən çox futbol məşqçisi fəaliyyət göstərir. Amma onların heç də hamısı müvafiq məşqçilik kateqoriyasına malik deyil.

 

Futbol sahəsində çalışan məşqçilərin bilik və bacarığının artırılması istiqamətində son illər AFFA tərəfindən bir sıra işlər görülür. Bunlardan ən başlıcası mütəxəssislərin daha da püxtələşib, müəyyən təcrübəyə yiyələnməsi üçün təşkil olunan kurslardır.

 

Hazırda Gəncədə C, B və A kateqoriyaları üzrə cəmi 15 məşqçi var. Onlardan 10-u C, 4-ü B, biri isə A lisenziyasına malikdir. Bir növ ixtisasartırma kursları kimi qəbul edilən təlimlər hər bir mütəxəssis üçün vacib hesab edilir. 

 

Ötən il AFFA-nın təşkilatçılığı ilə ilk dəfə olaraq Gəncədə region məşqçiləri üçün C lisenziyalı kurslar təşkil olunub. Ümumiyyətlə, 2010-ci ildən başlayaraq gəncəli məşqçilər müvafiq dərəcələrə yiyələnmək naminə bu təlimlərə maraq göstərirlər. 

 

Onu da nəzərinizə çatdıraq ki, federasiya tərəfindən düzənlənən kurslarda mütəmadi iştirak edən Etibar İbrahimov son 4 ildə C-dən A kateqoriyasına kimi yüksəlib və hazırda Pro lisenziyası almağa namizəddir.