• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4068
— 16.07.2015 18:02

Lənkəranda baş verən ağır qəzada 1 nəfər dünyasını dəyişib

Lənkəranda iki yük avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə nəticəsində sürücülərdən biri dünyasını dəyişib, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə Ələt-Astara magistralının 182-ci kilometrliyində, rayonun Qumbaşı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Astara rayon sakini, 40 yaşlı Elçin Musayevin idarə etdiyi avtomobillə, Salyan rayon sakini, 52 yaşlı Razim Xudiyevin idarə etdiyi avtomobil toqquşub. Nəticədə  Elçin Musayevin idarə etdiyi “HOVAR” markalı ağırtonnajlı yük avtomobili magistral yolda aşıb. Güclü zərbənin təsirindən avtomobillərə ciddi ziyan dəyib və hər iki sürücü maşında sıxılmış vəziyyətdə qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Dərhal hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin əməkdaşları gələrək müxtəlif alət və avadanlıqların köməyi ilə yaralı sürücüləri deformasiyaya uğramış avtomobillərdən sağ-salamat çıxarmağa müvəffəq olublar. Lakin buna baxmayaraq ciddi xəsarət alan Elçin Musayev xəstəxanaya aparılarakən yolda dünyasını dəyişib. Yaralı sürücü isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişən sürücü Məhkəmə-Tibbi  Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisə şahidləri qəzanın, yük avtomobillərindən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyini deyir.

Yük avtomobilinin magistral yolda aşması  yolun iki saata kimi bağlı qalmasına səbəb olub. Nəticədə avtomobillərin hərəkətində çətinliklər yaranıb. Hadisə yerinə cəlb olunan yol polisinin əməkdaşlarının səyləri nəticəsində yolda nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.