• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 756
— 08.07.2015 15:09

Gəzəngi balı nədir və hansı faydaları var?

Ən yaxşı təbii konservant sayılan balın da götürüldüyü mənbədən asılı olaraq növləri var. Bəs gəzəngi balı haqda nə bilirik? Əməkdaşımız Aidə Ramizqızı bu sualı araşdırmağa çalışıb.

Balın rənginin, ətrinin və dadının müxtəlifliyi onun  hansı növ və hansı rəng çiçəklərdən toplanması ilə əlaqədardır. Belə ki, balın rəngi sarı, tutqun və tünd bənövşəyi rəngə qədər müxtəlif çalarlarda ola bilir.

Təbii bal 2 cür olur: çiçək və gəzəngi bal. Çiçək balı götürüldüyü çiçəkdən asılı olaraq müxtəlif ola bilər. Gəzəngi balını isə arılar təbiətdə quraqlıq vaxtı gəlir olmadıqda bəzi bitkilərin yarpaq və gövdələri, yaxud bitkilər üzərində olan həşəratın ifraz etdiyi şirin şirələrdən, mürəbbə və şirin meyvələrdən toplayırlar.

Əli Allahverdiyev- Arıçılıq laboratoriyasının elmi işçisi: "Bu balın tərkibi nektar deyil. Gəzəngi balı öz mikroelementlərinə görə çox zəngin baldır. Lakin gəzəngi balı əgər arının yuvasında çox olarsa, o arını zəhərləyə də bilər. Bəzən zəif insanlar bu balı yedikdə yuxu da tutur. Amma arı da heç vaxt gəzəngi balının üzərini möhürləmir".

Əgər arı pətəyi möhürlənmirsə o bal yetişmədiyindən istifadə etmək düzgün sayılmır. Möhürlənmə zamanı isə balda bir sıra prosseslər gedir.

Əli Allahverdiyev- Arıçılıq laboratoriyasının elmi işçisi: "Möhürlənmə zamanı balda kimyəvi prosseslər gedir - fruktoza qlükozaya çevrilir. Bundan başqa, dabbaq prosesi gedir- balın rəngalma prossesi gedir. Tərkibinin durulması prosesi və balın qoxusu formalaşır. Bunun üçün arı özündə mikroiqlimi formalaşdırır".

Yetişməyən balın rəngi bulanıq arx suyuna bənzəyir. Bir müddətdən sonra isə balda əks proseslər gedir və bal turşuyur.  Belə bal  alıcılar tərəfindən də saxta bal kimi qəbul edilir.

Aidə Ramizqızı