• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 02.07.2015 15:23

Bu il ölkədə taxıl və meyvə-tərəvəz boldur

Əvvəlki illərlə müqayisədə bu il taxılın məhsuldarlığı artıb. Yığım müddətində əldə olunan orta göstəricilər belə deməyə əsas verir. Belə ki, 2015-ci ilin məhsulu üçün biçiləcək 903 min ha sahənin 70 faizində taxıl yığımı yekunlaşıb və əldə olunan orta məhsuldarlıq respublika üzrə 28-29 sentner təşkil edir. Qərb bölgəsində isə hektara  31,7 sentner düşür.

Samux, Göygöl, Daşkəsən, Yevlax və Goranboy rayonlarında ümumilikdə əkilən 47 554 ha ərazinin 38 747 hektarında dənli və dənli-paxlalı bitkilərin yığımı yekunlaşıb. Bu rəqəmdən 22 201 ha buğdanın, 25 363 ha arpanın payına düşür. Orta məhsuldarlıq buğdada 33,3, arpada 30,8 sentner təşkil edir. Əkin sahəsinin əvvəlki illərlə müqayisədə azalmasına baxmayaraq, göstəricilərin yüksək olması biçinin vaxtında və itkisiz aparılması ilə əlaqələndirilir.

Adil Kərimzadə- Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi: "Ərazidə hazırda 205 ədəd kombayn fəaliyyət göstərir. Bu kombaynlardan 25 ədədi yeni gətirilən kombaynlardır. Demək olar ki, texnika çatışmazlığı ilə bağlı nəinki ərazidə, respublikada da heç bir problem yoxdur".

Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi rayonlarda bu il dənli və dənli-paxlalı bitkilərlə yanaşı, kifayət qədər həcmdə tərəvəz əkini də aparılıb. 3110 ha ərazidə tərəvəz, 900 hektara yaxın sahədə bostan bitkiləri əkilib.

Adil Kərimzadə- Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi: "Bu sahədə vəziyyəti dəyərləndirmək üçün bazarlara nəzər salmaq kifayətdir. Bazarlarda tərəvəz və bostan bitkilərinin bolluğu və qiymətlərinin baha olmaması bu sahədə vəziyyətin yaxşı olduğunu göstərir".

Qeyd edək ki, fermerlər ölkədaxili qiymətlərin aşağı olmasından narazılıq edirlər.

Aidə Ramizqızı