• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 27.06.2015 15:01

Bu il ölkədə dənli bitkilərdə yüksək məhsuldarlıq müşahidə edilir

Samux rayon Ərazi Kənd Təsərrüfat İdarəsinin əhatə etdiyi rayonlarda arpa biçini yekunlaşmaq üzrədir. Əkin sahələrinin 95 faizində işlər başa çatıb. Buğda sahələrində isə işlər davam edir.

Samux Rayon Ərazi Kənd Təsərrüfat İdarəsinin əhatə etdiyi rayonlarda bu günədək ümumilikdə 33 214 hektarda taxıl biçini aparılıb. İşlər yekunlaşan ərazilərin 10 620 hektarı buğda, 22 594 hektarı isə arpa sahələrinin payına düşür. İndiyədək ümumilikdə 98 606 ton məhsul toplanıb ki, onun da 33 490 tonunu buğda, 65 116 tonunu arpa təşkil edir. Ümumi məhsuldarlıq isə 29,7 sentnerdir.

Adil Kərimzadə -Samux Ərazi Kənd Təsərrüfat İdarəsinin bitkiçilik məsələləri üzrə baş məsləhətçisi: "Ötən illə müqayisədə bu il məhsuldarlıq daha yüksək olub. Keçən il, 25,1 - 26 sentner arası məhsul olduğu halda bu il arpada orta məhsuldarlıq 28,8 sentner, buğdada isə 31,5  sentner olub. Bunun səbəbi gübrələrdən və yeni gətirilən texnikalardan istifadə edərək, məhsulun sahələrdən tez bir zamanda itkisiz toplanmasıdır".

Qeyd edək ki, Yevlax, Goranboy, Samux, Göygöl və Daşkəsən rayonları üzrə ümumilikdə 46 245 hektar sahədə taxıl əkini aparılıb. Onun da 22 379 hektarını buğda, 23 866 hektarını isə arpa təşkil edir.

Gülnar Fazilqızı