• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 22.09.2014 09:11

Gəncədə iki nəfərin həyatına son qoyan sürücünün dili tutuldu

Gəncədə iki,  Göygöl rayonunda isə bir yol nəqliyyat hadisəsi baş verib. Nəticədə iki nəfər ölüb, iki nəfər isə yaralanıb.

Gəncənin Heydər Əliyev prospektində baş verən qəza zamanı yolu keçmək istəyən ər-arvadı maşın vurub. Gəncə sakini 27 yaşlı Fərid Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə Heydər Əliyev prospekti ilə hərəkətdə olarkən yolu keçmək istəyən ər-arvad Gəncə şəhər sakinləri, 56 yaşlı Fazil Verdiyev və onun həyat yoldaşı 53 yaşlı Nazlı Verdiyevanı vurub. Zərbənin gücündən  Fazil Verdiyev hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı Nazlı Verdiyeva isə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisə şahidlərinin sözlərinə görə, Fərid Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yüksək sürətlə hərəkət etdiyindən,  daha sonra idarəetmədən çıxaraq yolda hərəkətdə olan “Hyundai” və yolun kənarında dayanan digər “Mercedes” markalı avtomobillərə dəyib. Hər iki avtomobilə ziyan dəyib.

Şahid:  “Mən bura gələndə gördüm biri o tərəfdədir, biri də bu tərəfdə. Ağ maşın dayanmışdı. Kişi maşının altında idi. Arvad isə yolda uzanmışdı, pis gündə idi, üstünü örtdüm. Vuran uşağı danışdırdım, gördüm dili tutulub. Su verdim, dedi xala tormuz verdim maşın sürüşdü, bilmirəm nə oldu”.

Digər qəzalar isə Gəncə və Göygöl rayonunun ərazisində baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə Gəncənin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində baş verən qəza zamanı 24 yaşlı Gəncə sakini İsbəndiyar Məmmədov, Göygöl rayon Balçılı kəndində baş verən qəza zamanı isə kənd sakini  22 yaşlı Sərxan Abdullayev  xəstəxanaya yerləşdirilib.

Məharət Kərimov- həkim: “Şöbəyə iki nəfər xəstə avtomobil qəzası nəticəsində xəsarət alaraq gətirilib. Bir nəfər Məmmədov İsbəndiyar Şahin oğlu 1990-cı il Gəncə sakini, digər bir nəfər isə Abdullayev Sərxan Bayram oğlu 1992-ci il Göygöl rayonun Balçılı kəndindən. Hər ikisi avtomobil qəzasında xəsarət alıb. Xəstələrin hər ikisinə lazımı travmatoloji tədbirlər aparılıb. Ümumi vəziyyətlərini kafi qiymətləndirmək olar”.

Baş verən hər üç qəza ilə bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu