• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4352
— 21.09.2014 18:20

Firuddin Mustafayev: “Azərbaycanın əldə etdiyi bir çox uğurlar “Əsrin müqaviləsi” ilə bağlıdır”

“Azərkimya” İstehsalat Birliyinin icraçı direktorunun müşaviri Firuddin Mustafayev “Əsrin müqaviləsi”nin bağlanmasından ötən 20 il ərzində bu müqavilənin ölkənin inkişafındakı rolunu şərh edib.

 

- Firuddin müəllim ötən həftə “Əsrin müqaviləsi”nin bağlanmasından 20 il ötdü. Siz bu müqavilənin bağlandığı dövrü yaşayan bir şəxs kimi öz fikirlərinizi şərh edərdiniz. Dünyanın bir neçə tanınmış şirkətləri layihəyə cəlb edildi. Bunlar hansı çətinliklər bahasına mümükün oldu?

-O dövrdə Azərbaycan müharibə şəraitində olduğundan çox böyük çətinliklər yaşanırdı. Bildiyimiz kimi ölkədə Qarabağ uğunda döyüşlər gedirdi. Belə bir şəraitdə buraya böyük firmaların gəlməsində təbii ki, böyük risklər var idi. Onları inandırmaq lazım idi. Eyni zamanda açıq demək lazımdır ki, bizim ətrafımıza olan neft ixracı edən dövlətlərin də iqtisadi marağı toqquşurdu. O vaxt biz Bakı-Novorosiysk kəməri ilə neft ixrac edirdik və bu, yeni müqavilə imzalananda artıq həll olundu ki, neft Gürcüstan və Türkiyə vasitəsilə dünya bazarına çıxarılacaqdır. Ona görə də çətinliklər çox böyük idi. Bu, eyni zamanda digər dövlətlərin iqtisadi maraqları ilə üst-üstə düşmürdü və ona görə də çox böyük çətiliklər var idi. Ulu öndər bu çətinlikləri dəf etdi. Mənim yadımdadır ki, Heydər Əliyev belə deyirdi ki, “mən artıq bütün çətinlikləri aradan qaldırdım, işi həll etmək isə icraçılara öhdəsinə düşür”. Onu da nəzərinizə çatdırım ki, 1994-cü ildə Gülüstan sarayında bu müqavilənin imzalanması mərsimində iştirak etdiyim vaxt ulu öndərin nə qədər daxili sevinc, qürür hissi keçirdiyinin şahidi oldum. Biz o vaxtlar bəlkə də bu müqavilənin gələcəkdə Azərbaycana nələr verəcəyini hiss etmirdik. Çünki o vaxt dağılmış SSRİ-nin bütün ölkələrində iqtisadi durum çox pis idi. Və təbii ki, Azərbaycan da o çətinlikləri yaşayırdı. Və yəqin ki, o, bunu hesablamışdı, görürdü, ancaq biz görə bilmirdik. Siz özünüz də şahidsiniz ki, həmin neft müqaviləsi bizi haradan haraya apardı. Biz bu gün regionun ən hərbi qüdrəti yüksək olan bir ölkəyə çevrilmişik. Nə qədər məktəblər tikilib, mədəniyyətiniz necə inkişaf edib – tarixi irsimizə, muğama diqqət artırılıb, qədim mədəni abidələrimiz bərpa olunub, neçə-neçə övladlarımız xaricdə təhsil alıb. Və bu gün həmin neftin hesabına qeyri-neft sahələri necə inkişaf edir. Azərbaycan bu gün ixrac etdiyi tikinti materiallarını, istehlak mallarını artıq özü istehsal edir. Bu istehsal ölkəyə yeni texnologiyaların gətirilməsinə səbəb olur. Eyni zamanda hər bir ölkənin ən əsas vəzifəsi öz əhalisinin rifah halını yaxşılaşdırması, yeni iş yerlərinin açılmasıdır ki, bunlar həyata keçirilir.

- Azərbaycan Avropanın enerji təhlükəsizliyində hansı rolu oynayır?

- Bildiyimiz kimi Avropanın əsas qaz ixracatçısı Rusiyadır. Ötən il Rusiyanın Ukrayna ilə dırnaqarası qaz müharibəsi baş verdi. Bu il də bu problemlər var, ola bilər ki, tranzitdə axsamalar ola bilər. Bir sözlə Rusiya bu qazdan silah kimi istifadə edir. Ona görə də Avropa kənardan başqa daha dayanıqlı, daha stabil qaz təchizatları axtarır. Və Avropa da ölkəmizlə uzun zaman əməkdaşlıq şəraitində olduğundan Azərbaycanın partnyor olduğunu isbat edib. Ona görə də Avropa Azərbaycandan çəkilən qaz kəməri ilə diversifikasiyaya çox böyük önəm verir.

- Qeyd etdiniz ki, Azərbaycan 20 il bundan öncəki Azərbaycan deyil. Bu gün Azərbaycan regional layihələri özü reallaşdırmaq gücünə malikdir. 20 il bundan öncə ilə müqaisə etsək görərik ki, biz həmin dövrdə böyük şirkətləri buraya cəlb etməyə çalışırdıq, bu gün isə Azərbaycan böyük şirkətlər olmadan belə TAP, TANAP kimi layihələri reallaşdıra bilir.

- Düzgün qeyd etdiniz, biz o vaxtlar beynəlxalq valyuta fondunun kreditlərindən istifadə etməyə məcbur idik və siz bilirsiniz ki, beynəlxalq valyuta fondunun verdiyi kreditlərin çox ağır şərtləri var idi. Bu kreditləri “Əsrin müqaviləsi” əsasında tezliklə verib bitirdik. Qeyd etdiyiniz kimi Azərbaycan bir çox layihələri özü həyata keçirməyə başlayıb ki, bu da çox önəmli bir haldır. Əvvəllər Azərbaycanın özü elə bir vəziyyətdə idi ki, Yaponiya, Amerika və digər humanitar yardım şirkətlərinin xüsusi fondları rayon və kəndlərimizdə məktəblər tikirdi, qaçqınlara yardım edirdilər. Artıq Azərbaycan əhalinin bütün problemlərini özü həll etmək iqtidarındadır. Bu da həmin bu “Əsrin müqaviləsi” ilə bağlıdır. İndi artıq Heydər Əliyev fondu xarici ölkələrdə məktəblər tikir, tarixi abidələrin bərpasına humanitar yardım göstərir. Yəni bunlar da hamısı bununla birbaşa əlaqədardır.

-  Siz qeyd etdiniz ki, bu layihə Azərbaycana həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bir çox üstünlüklər gətirdi. Bundan sonrakı Azərbaycanın neft-qaz strategiyası ölkəyə daha nələr verəcək?

- Azərbaycan bu gün regionun qüdrətli dövlətidir. Bu regionda hər hansı bir siyasəti həyata keçirmək üçün Azərbaycanla razılaşmadan nəsə etmək qeyri-mümkündür.  Əfqanıstandakı anti-terror hadisələrində Azərbaycanın nə qədər böyük köməyi olduğunu bütün dünya qeyd edir. Bundan əlavə nəzərə alın ki, biz əvvəllər ancaq kənardan silahlar alırdıq, bəzən də bu silahların keyfiyyəti necə idi... Bu gün isə biz artıq silah ixracatı ilə məşğul olan bir ölkəyə çevrilmişik. Yaxın günlərdə Azərbaycanda Müdafiə sənayesi sərgisi keçirilmişdir. Hamı şahidi oldu ki, Azərbaycanda Müdafiə sənayesi nəyə qadirdir. Və mən hesab edirəm ki, bunların hamısı gələcəkdə daha da güclənəcəkdir. Ən əsası isə mən hesab edirəm ki, bizim iqtisadi və hərbi qüdrətimizin artması bizə qəti olaraq imkan yaradır ki, biz yaxın zamanlarda məhz bu güclərimizin hesabına xalqımızın ümummilli problemi olan Qarabağ problemini də həll edək.

- Şahdəniz 2 layihəsi ilə bağlı müqavilə bağlandı. Bu layihə Azərbaycana nələr verəcək?

- Əsas Azərbaycanın dostları çoxalacaqdır. Biz qaz ixracatını artıracağıq. Qaz Avropa ölkələrinə qardaş Türkiyə üzərindən ixrac olunacaq. Çətin vəziyyətində Avropaya enerji təhlükəsizliyində kömək etdiyimiz üçün dostlarımız, Azərbaycanı dəstəkləyənlərin sayı çoxlacaqdır. Ən əsası da Azərbaycanın iqtisadi qüdrəti yüksələcəkdir.