• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 755
— 22.06.2015 13:44

Samuxlu fermerlər taxılın məhsuldarlığından razıdırlar

Samuxda təsərrüfat sahibləri biçini vaxtında başa çatdırmaq üçün texnika çatışmazlığından əziyyət çəkmir. Bu məqsədlə sahələrə 40-a qədər kombayn cəlb edilib. Bundan başqa əvvəlki illərlə müqayisədə zəmilərdə məhsuldarlıq da yüksəksdir.

Bu il Samux rayonunda 10 min hektara yaxın ərazinin 4482 ha-da arpa, 4784 ha-da isə buğda əkilib. Təxminən 10 günə yaxındır kombaynlar sahələrdə biçin aparır. Artıq 2500 hektar sahədə biçin başa çatıb və orta məhsuldarlıq 34 sentnerə yaxındır.

Azadə Əhmədova- təsərrüfat sahibi: “5 hektara yaxın sahədə taxıl əkmişik. Artıq biçin başa çatıb. Məhsuldarlıq çox yaxşıdır”.

Sakit Ağayev- təsərrüfat sahibi: “Bu il mən gözləmədiyim məhsulu götürdüm. Təxminən orta məhsuldarlıq 30-35 sentner arasında dəyişir. Ümumilikdə bu il Ağasıbəyli kəndində 200 herktara yaxın taxıl əkilib. Məhsuldarlıq isə proqnozlardan yüksəkdir”.

Ötən mövsümdən fərqli olaraq, bu il havaların sabit keçməsi məhsuldarlığa müsbət təsir göstərib. Normal hava şəraitindən maksimum istifadə edən təsərrüfat sahibləri məhsulu itkisiz yığmağa çalışırlar. Bunun üçün rayon icra hakimiyyətində xüsusi komissiya yaradılıb.

Şakir Məmmədov- Samux Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi: “Ucqar kəndlərimizdə Eldar, Burunqovaq, Salahlı və digər yaşayış məntəqələrində artıq biçin yekunlaşır. Rayonumuzda aqroservis fəaliyyət göstərir ki, onların da 8 kombaynı var. Onlar da biçində iştirak edirlər”.

Xatırladaq ki, ötən mövsüm Samux rayonunda 9 min hektar sahədə dənli bitkilər əkilib. Orta məhsuldarlıq isə 31 sentner olub.

Natiq Hüseyn