• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 758
— 18.06.2015 15:31

Şəmkirli fermerlər taxılın məhsuldarlığından razıdırlar

Şəmkirdə taxıl biçini qısa zamanda başa çatdırılacaq. Yerli bələdiyyələrin tərkibində yaradılan MMC-lərin maliyyə dəstəyi ilə sahələrə kifayət qədər texnika ayrılıb. Mütəxəssislər bu il məhsuldarlığın ürəkaçan olacağını deyir.

Şəmkir rayonunda taxıl biçini davam edir. Geridə qalan 10 gün ərzində 450 hektar sahədə biçin başa çatdırılıb və orta məhsuldarlıq 30 sentnerə yaxın olub. Sahələrdən məhsulu itkisiz toplamaq üçün 30-a yaxın texnika ayrılıb. Hazırda biçin işləri rayonun ən böyük  yaşayış məntəqələrindən olan Qapanlı kəndində aparılır.

Nəriman İsmayılov- Qapanlı kənd icra nümayəndəsi: “2015-ci ilin məhsulu üçün Qapanlı kəndində 500 hektar sahədə taxıl əkilib. Bunun 330 hektarı arpa, 170 hektarı isə buğdadır. Əvvəlki illərlə müqayisədə bu il məhsul boldur. Ötən il orta məhsuldarlıq 34,5 sentner olduğu halda bu il 40 sentnerdir”.

Ümumilikdə bu il Şəmkir rayonunda 17760 hektar sahədə dənli bitkilər əkilib. Onlardan 10738 hektarı buğda 7022 hektarı isə arpadır. Bu il Şəmkirdə yerli bələdiyyələrin nəzdində yaradılan  Məhdud Məsuliyyətli Cəmiyyətlərin dəstəyi, eləcə də fermerlərə dövlət tərəfindən mineral gübrələrin güzəştli şərtlərlə verilməsi məhsuldarlığa müsbət təsir göstərib.

Şahəddin Hüseynov- Qapanlı MMC-nin sədri: “Elə sahibkar var ki, hər hektardan 45-50 sentner məhsul götürür. Bu isə onun nəticəsidir ki, torpağa mineral gübrələr vaxtlı-vaxtında verilir. Bundan əlavə fermerlər lazımi texnikalarla vaxtında təmin olunur”.

Qeyd edək ki, ötən mövsüm Şəmkir rayonunda təxminən 16 min hektar sahədə dənli bitkilər əkilib. Rayon üzrə orta məhsuldarlıq isə 29,5 sentner olub.

Natiq Hüseyn