• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 18.06.2015 13:14

Bu il Goranboy rayonunda əkin sahələrinin suvarılmasında ciddi problemlər yaşanmayıb

Havaların isinməsi ilə əlaqədar rayonlarda əkin sahələrinin suvarılmasına olan tələbat da artır. Ötən il havaların həddən artıq isti keçməsi respublikanın əsas aqrar rayonlarından olan Goranboyda da müəyyən çətinliklər törədsə də bu il adiyyatı qurumlar tərəfindən  əvvəlcədən görülən tədbirlər nəticəsində suvarmada ciddi problemlər yaşanmayıb.

Goranboyda suvarma suyuna olan tələbat 791 artezian quyusu və 6 nasos stansiyası vasitəsilə həyata keçirilir. Hər il rayonda orta hesabla 50 min hektara yaxın ərazidə əkin aparılır. Əkin sahələrinin 17 min hektarına dənli bitkilər, yerdə qalan ərazilərə isə yonca və günəbaxan əkilir. Artıq rayonda taxıl və arpa sahələrində biçin aparılıdığından, suvarma yalnız yem bitkiləri əkilən sahələrdə həyata keçirilir.

Ramiz Süleymanov- Goranboy Subartezian Quyuları İstismarı idarəsinin baş mühəndisi: “Cari ilin 5 ayı ərzində əkin sahələrinə 75 milyon kubmetrdən artıq su verilib. Bu da 28 min hektar əkin sahəsinin 2 dəfə suvarılması deməkdir. Ötən il havaların həddən artıq isti keçməsini nəzərə alaraq və həmin təcrübədən irəli gələrək bu il bütün subartezian quyularını tam hazır vəziyyətə gətirmişik”.

Rayonda suvarma suyuna olan tələbatı tam təmin etmək üçün bu il daha 10 kənddə 20 yeni artezyan quyusu qazılıb və yaxın vaxtlarda istifadəyə veriləcək. Əkin sahələrinin suvarılmasını həyata keçirən digər bir idarə, Goranboy rayon suvarma sistemləri idarəsindən isə bildirdilər ki, çaylardan əkin sahələrinə suyun itkisiz və normal çatdırılması üçün 118 km məsafədə kanallar lil və alaq otlarından təmizlənib.

İsbəndiyar Bayramov Goranboy Suvarma Sistemləri idarəsinin baş mühəndisi: “Hal-hazırda əsas həyətyanı sahələr və yem bitkilərinin suvarılması aparılır. Hələlik demək olar ki, suyun verilməsində elə bir problem yoxdur. Əlbəttdə ki, biz də sudan qənaətlə istifadə etməklə çalışırıq ki, həyətyanı sahələr və yem bitkilərinin suvarılması vaxtında və tam yerinə yetirilsin”.  

Qeyd edək ki, oktyabr ayından başlayaraq rayonda növbəti payızlıq əkinə start veriləcək.

Elton Cabbarlı