Bu günə xəbərlərin oxunma sayı: 1374
— 11.06.2015 10:41

Hökumə Qurbanova

Hökumə Qurbanova!  Bu ad özündə teatr kino sənətini birləşdirir. Azərbaycan teatrı peşəkar aktyor qıtlığı yaşayan dövrdə Hökumə xanım səhnəyə gəldi. 1940-cı il Realist teatr məktəbinin layiqli davamçısı oldu. Coşqun, emosional xarakteri və musiqili lirik səsi ilə seçildi, sevildi, yaddaşlarda qaldı. Sənətkar 1913-cü il iyun ayının 11-də Bakıda ziyalı ailəsində doğulub. Yüksək yaradıcılıq bacarığına malik olan aktrisa, dramaturq Cəfər Cabbarlının tərkidi ilə kinoya gəlir. 1936-cı ildə çəkilən “Almaz” filmində “Yaxşı” obrazı aktrisanın vizit kartı olur.

Fikrət Məlikov- ADMİU-nun dosenti: “40-cı ildən etibarən, o, səhnədə baş rolların ifasını uğurla aparır. Əgər soruşsanız ki, Hökumə Qurbanova hansı rolları oynayıb, bu çox uzun bir siyahı olar. O, Hermionadan, Solmazdan tutmuş bir sıra görkəmli rollar oynayıb. Lakin ən unudulmaz bir rolu qış nağılında Hermionanı oynayırdı bütün o dövrün tamaşaçıları ona məftun qalmışdı”.

Hökumə Qurbanova 1938-ci ildən ömrünün sonuna kimi, Akademik Milli Teatrında çalışıb. Eyni zamanda Telestudiyanın ilk diktorlarından sayılır. Teatrda xarakterik obrazları yaratsa da, nədənsə tarixə misilsiz faciə aktrisası kimi daxil olub. Süleyman Sani Axundovun "Eşq və intiqam"ında Zöhrə, Səməd Vurğunun "İnsan"ında Səhər, Anatoli Boryanovun "O tayda"sında Valentina Nikolayevna rollarının ifaçısı Hökümə xanım realist faciə janrında daha da təkmilləşib. Aktrisa "Azərbaycanfilm"in istehsal etdiyi “Onu bağışlamaq olarmı, “İnsan məskən salır" kimi filimlərdə rol alıb.

Realist faciə obrazlarını ustalıqla yaradan,  parlaq, təbii tərzdə tamaşaçıya çatdıran aktrisa qeyri-adi səsi ilə də hər kəsi cəlb etməyi bacarırdı. SSRİ Xalq artisti Hökumə Qurbanova Azərbaycan səhnəsinin solmayan, heç vaxt ətrini itirməyən çiçəyi idi. Bu gün onun haqqında danışanda deyirlər ki, Hökumə Qurbanovanın rollarının hər biri ayrıca yaradıcılıq məktəbi olub. İllər keçib, nəsillər dəyişib, ancaq aktrisanın oynadığı tamaşalar, yaratdığı obrazlar yaddaşlardan silinməyib.
Hökumə Qurbanova Azərbaycan teatr tarixində silinməz iz qoyub. Bu gün aktrisalar onun oynadığı rolları canlı görməsələr belə, haqqında yazılanlardan, xatirələrdən öyrənərək ona bənzəmək arzusundadırlar. 
Güldən Hüseynova