• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3997
— 10.06.2015 10:11

Xalq şairi Süleyman Rüstəmin bədii yaradıcılığı

Xalq şairi Süleyman Rüstəm Azərbaycan sovet şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın və inqilabın tərənnümü, eləcə də cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər isə sevgidən, inamdan qaynaqlanıb. Onun hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub.

O, yaradıcılığında Azərbaycanın bütün dilbər guşələrini vəsf edib, elə buna görə də vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.

Süleyman Rüstəm 1906-cı il 12 mart tarixində Bakıda kasıb dəmirçi ailəsində dünyaya göz açıb. Kasıb həyat tərzi, çətin uşaqlıq keçirməsinə baxmayaraq, ədəbiyyata, poeziyaya böyük maraq göstərib, fəhlə, kəndli əməyinə, torpağa və zəhmətə qiymət verməyi poeziyasında işıqlandırıb.

Səfurə Quliyeva – tədqiqatçı: “ 83 il ömür sürən şairin həyatının 65 ildən çox müddəti əhatə edən yaradıcılığı yüzlərlə şeir, poema, dram əsərlərindən ibarətdir. 1923-cü ildən 1989-cu ilədək xalqın həyatında baş verən  ictimai-siyasi hadisələrdən tutmuş, xalqın mənəvi durumunadək bu poeziyada hər şey öz əksini tapıb”.

Süleyman Rüstəm həm də, Cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, Cənubi Azərbaycanda  yaşayan soydaşlarımızın ağır həyat tərzini görüb və könlündən keçənləri kağızlara köçürüb. "Təbrizim" adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair "Könlümə Təbriz düşdü", "İşıq", "Yenə Araz qırağında", "Yaralarım", "Görsəm" kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır.

Ədəbi fəaliyyətə "Çimnaz xanım yuxudadır" birpərdəli komediyası ilə başlayan sənətkarın "Qaçaq Nəbi" məzmun dramı, "Durna" komediyası dramaturgiyasının incilərindəndir.

"Ələmdən nəşəyə" kitabı ilə kifayət qədər sevilən Süleyman Rüstəm mübariz, optimist, düşmənə qarşı barışmaz bir şair kimi tanınıb, yaddaşlarda həmişə yaşayacaq.

 

Nazənin Zaman