• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 09.06.2015 14:57

Gəncədə Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat əməkdaşlığı toplantısı öz işinə başlayıb

Azərbaycanda arı yuvalarında antibiotiklərdən istifadə qadağan edilməlidir. Bu fikirlər Gəncədə keçirilən “Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat əməkdaşlığı toplantısı” zamanı səsləndirilib.   

Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat əməkdaşlığı toplantısında ölkədə arıçılığın hazırki vəziyyəti və bu sahənin perspektivləri, eyni zamanda bitkiçilikdə genetika, seleksiya, toxumçuluğun və tingçiliyin problemlərinə dair məsələlər müzakirə edilib. Kənd Təsərüfatı Nazirliyinin nümayəndələri və Türkiyənin Hacettepe Universitetinin mütəxəssislərinin iştirakı ilə baş tutan toplantı 3 gün davam edəcək.

Seyfəddin Talıbov- kənd təsərrüfatı nazirinin müavini: "Yaxın bir il ərzində biz hesab edirik ki, Azərbaycanda arıçılığın inkişafına mənfi təsir göstərən əsas məsələlərdən  biri, arıların mələz formasından çıxartmaq və təmizqanlı arı yetişdirilmə sahəsini inkişafa nail olaq. Bu sahədə xüsusi laboratoriyanın yaradılması məsələləri həmin layihənin əsas qayələrini təşkil edir".

Arıçılığın inkişafına dair Azərbaycan-Türkiyə Elmi-Tədqiqat əməkdaşlığı proqramı çərçivəsində iki ölkə arasında arı məhsullarının keyfiyyəti və arı xəstəliklərinin müalicəsi istiqamətində də tədbirlər həyata keçiriləcək.  Belə ki, Azərbaycanın 25 adda bal nümunəsi üzərində Türkiyədə aparılan analizlərin nəticələri bəlli olub. Hacettepe Universitetinin arı və arı məhsularının tədqiqi və araşdırma mərkəzinin direktoru Kadriyə Sorkun həmin analizin nəticələrinin ürəkaçan olmadığını bildirib.

Kadriyə Sorkun- Hacettepe Universitetinin Arı və Arı Məhsullarının Tədqiqi və Araşdırma Mərkəzinin direktoru: "Görünür Azərbaycanda antibiotik istifadəsi qadağan deyil. Türkiyədə arı yuvalarında antibiotikdən istifadə qadağandır. Amma sizin ölkənin nümunələrində aparılan analizlərin nəticələrində təəssüf ki, antibiotik qalıqları aşkar edilib. Bu yöndə arıçıları maarifləndirmək lazımdır. Çünki, arı xəstəliklərində istifadə edilən antibiotiklər insan sağlamlığı üçün çox zərərlidir".

Arı xəstəlikləri ilə mübarizəyə gəlincə isə, mərkəz direktoru bildirdi ki, qış aylarında arıları sağlıqlı bəslərsək, gigiyenaya diqqət edərsək arılar daha sağlıqlı olacaq və gələcəkdə də bu tip dərmanlardan istifadəyə ehtiyac qalmayacaq. 

Aidə Razmiqızı