• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 753
— 16.05.2015 11:29

Gəncəbasar bölgəsində yay turizm mövsümünə hazırlıq prosesi başa çatmaq üzrədir

Bu il Gəncəbasar bölgəsində yay turizm mövsümünə hazırlıq prosesi başa çatmaq üzrədir. Hətta ucqar dağ rayonlarında belə müasir tələblər səviyyəsində istirahət mərkəzlərinin yaradılması istiqamətində iş aparılır.  

Azərbaycanda turizm sahəsinin inkişafı üçün demək olar ki, ideal təbii şərait mövcuddur. Amma turistləri cəlb etmək üçün yalnız bu kifayət deyil. Müasir turist yüksək xidmət və münasib qiymət təklif edən istirahət məkanlarına üstünlük verir. Bu sahədə isə əsas iş daha çox iş adamlarının üzərinə düşür.

İstər bölgənin mədəni mərkəzi olan qədim Gəncədə, istərsə də dağ rayonlarında istirahət etmək istəyənlərin sayı ötən illərlə müqayisədə artıb. Artım təxminən 30-40 faiz təşkil edir və turistlər arasında yerli, eləcə də xaricilərə də təsadüf olunur. Turistlərin ən çox üz tutduqları istirahət məkanlarından biri olan Göygöl Gəncənin cəmi bir neçə kilometrliyində yerləşsə də, nisbətən sərin və ekoloji təmiz iqlimə malikdir. Buraya tək təbiət qoynunda dincəlmək üçün deyil, həmçinin əsası 19-cu əsrin əvvəllərində almanlar tərəfindən qoyulan tarixi və mədəni abidələrlə tanışlığa gəlirlər.

Bölgənin ən ucqar, lakin çox füsunkar təbiətli rayonları olan Gədəbəy və Daşkəsən də hər il xeyli turist qəbul edir. İstirahətə gələnlərin çoxu adətən mövsüm boyu kirayə evlərdə qalsalar da, turizm obyektləri və mehmanxanaların sayının çoxalması tədricən bu sahəyə də marağı artırıb. Gəncə Regional Turizm İnformasiya mərkəzindən bildirilir ki, hazırda bir çox istirahət mərkəzləri, yay mövsümünə hazırlıq prosesini yekunlaşdırmaq üzrədir.

Tədbirlər planında turistlərin qəbulu və onlara göstərilən xidmətin səviyyəsini yüksəltmək, bölgənin turizm marşrutlarının yeni xəritələrinin hazırlanması, tarixi abidələrə ekskursiyalar zamanı daha peşəkar bələdçilərdən istifadə olunması öz əksini tapıb.

Bahadur Şakiroğlu