• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2632
— 03.05.2015 17:56

Ölkəmizdə uşaq əməyinin istismarı ilə bağlı vəziyyət nə yerdədir?

Başa çatmaq üzrə olan həftədə Ümumdünya Əməyin Mühafizəsi və Beynəlxalq Əmək günlərini qeyd etdik. İnsanların əmək hüquqlarının müdafiəsi, bu sahədə mövcud çatışmazlıqlar, onların həlli bir daha diqqət mərkəzinə gəldi. Hətta əmək kəlməsi bizə daha bir aktual mövzunu xatırlatdı. Söhbət uşaq əməyinin istismarından gedir. Azərbaycanda qanunvericilik və tərəfdar çıxdığımız beynəlxalq sənədlər uşaq əməyinin istismarını qadağan edir. Bəs görəsən dünyanın bir çox ölkələrini narahat edən bu problemlə bağlı ölkəmizdə vəziyyət necədir, qoyulan qadağalara əməl edilirmi? Bu haqda Vüsalə Camalın materialından daha aydın öyrənə biləcəyik.

Elxan Məmmədov: “Bir bacım var, anam xəstədir. Evimizdə danışanda eşitmişəm ki, atam balaca olanda bizi atıb gedib. Ona görə işləyirəm. Popkorn satmaq məcburiyyətindəyəm”.

11 yaşlı Elxanın özünün də dediyi kimi ailəsinə kömək üçün böyüklərə aid yükü balaca yaşlarından kiçik, zərif çiyinlərinə almaq məcburiyyətində qalıb. Beynəlxalq təşkilatların statistik məlumatlarında göstərilir ki, dünyanın müxtəlif yerlərində, əsasən də Pakistan və Hindistanda daha neçə-neçə Elxanlar məktəbə getmək, uşaqlıqlarını uşaq kimi yaşamaq əvəzinə ağır əmək tələb edən işlərdə çalışırlar. Dünya uşaqlarının 70 faizi kənd təsərrüfatı sahəsində işləyir. Onlardan 132 milyonunun yaşı 5-14 arasıdır. Ölkəmizdə qanunvericiliyə əsasən, 15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Qanunda eyni zamanda azyaşlıları işə cəlb edənlərin məsuliyyət daşıdığı da bildirilir.

Şahin Məmmədov- hüquqşünas: “Əmək Məcəlləsinin 249-cu maddəsində göstərildiyi kimi, 15 yaşından aşağı olan uşaqlarla əmək müqaviləsinin bağlanmasına yol verilmir. İstisna var – 14 yaşı tamam olmuş liseylərin şagirdləri istehsal müəssisələrində təlim keçmək üçün yüngül işlərə cəlb oluna bilərlər. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin 9-cu və 10-cu bəndinə əsasən 15 yaşdan aşağı uşağı işə cəlb edən hüquqi şəxslər 3000-5000 manatadək, 18 yaşı tamam olmamışları sağlamlığını və mənəviyyatını təhlükə altına qoyan işə cəlbedənlər isə 10000-13000 manat məbləğində cərimə oluna bilər”.

Qanunda uşaqlarını işləməyə məcbur edən və ya buna göz yuman valideynlər üçün də cəza tədbirləri nəzərdə tutulub. Təbii ki, bu məsələdə valideyn məsuliyyəti və mənəvi öhdəliyi, insanı insan edən vicdan da rol oynamalıdır.

Şahin Məmmədov- hüquqşünas: “İnzibati Xətalar Məcəlləsinin 51-ci maddəsinə görə, valideyn uşağın tərbiyəsinə və təliminə lazımi diqqət ayırmırsa ona qarşı xəbərdarlıq və ya 40 manatadək cərimə oluna bilər. Hüquqi tərəfi bir kənara qoysaq, valideyn böyük bir fərd kimi azyaşlı övladının ağır işlərə cəlb olunmasının fəsadlarını göz önünə gətirməlidir”.

Həkimlər də bildirir ki, uşaqların ağır və çirkli, təhlükəli işlərlə məşğul olması onların fiziki sağlamlığına böyük mənfi təsir göstərir. Əsasən onurğa sütununda problemlər yaranan uşaqlar müxtəlif xəstəliklərə də yoluxurlar. Lakin bu, problemin yalnız bir tərəfidir, digər tərəfi isə uşaqların kiçik yaşlarından işə cəlb edilməsinin onların psixologiyasına vurduğu zərbədir.

Yaqub Əsgərov- psixoloq: “Azyaşlı şagird məktəbdə olmalıdır. Onun əməyinin istismar edilməsi doğru deyil. Bu, onun psixologiyasına, taleyinə mənfi təsir göstərir. Psixoloji travmalar yaranır. O uşağın özünə təsir edir ki, mən niyə başqaları kimi oxumuram, məktəbdə olmuram”.

Psixoloqların fikrincə, belə uşaqların davranışında dağıdıcı, zərərverici meyllər yüksək olur, neqativ davranışları özlərinə götürməyə daha uyğun olurlar. Ona görə də narkomaniya, alkoqolizm kimi vasitələrə tez yönəlirlər.

Uşaqlığını uşaq kimi keçirmək hüququndan məhrum olan azyaşlı zaman keçdikcə, cəmiyyəti və valideynlərini günahlandırmağa başlayır, atası və ya anası ilə münasibətlərin soyuq olması onların gələcəkdə normal valideyn olmasını da əngəlləyir. Zaman keçdikcə özlərini cəmiyyətdən kənar, lazım olmayan şəxs olaraq hiss edirlər.

Keçirdiyimiz sorğu göstərir ki, günümüzdə valideynlərin əksəriyyəti bu mövzuya yetərincə hassalıqla yanaşır.

Etibar Bayramov- sakin: “Uşaq gedir hardasa, nə iləsə məşğul olur, valideyn fikir vermir, onun da axırı yaxşı olmur”.

Cənanə İslamova- sakin: “Şəxsən mənim 5 nəvəm var. Nənəli, babalı onlar hamısı nəzarətdə olmalıdır”.

Nemət Talıbov- sakin: “Valideyn uşağı həmişə qorumalıdır, pis işlərdən çəkindirməlidir. Nəzarətdə saxlamalıdır”.

2013-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Uşaq əməyinin istismarının  qarşısının alınması sahəsində Birgə Tədbirlər  Planı təsdiq edilib. Tədbirlər Planı uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması, maarifəndirmə tədbirlərinin həyata keçirilməsini əhatə edir. Aidiyyatı qurumların səlahiyyətliləri bildirir ki, görülən işlərin nəticəsi olaraq ötən illərlə müqayisədə ölkəmizdə uşaq əməyinin istismarı halları, bu məsələ ilə bağlı rəsmi müraciətlər azalma tendensiyası nümayiş etdirir.

İdris İsayev- Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini: “Əmək qanunvericiliyinin müvafiq maddəsinə əsasən 15 yaşı tamam olan şəxs əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətində ola bilər. Hətta əmək məcəlləsində 15 yaşdan 18 yaşadək olanlar üçün güzəştli əmək şəraiti ilə bağlı müddəalar da mövcuddur. Adətən belə müraciətlər bizə hüquq mühafizə orqanlarından daxil olur. Belə müraciətlər daxil olduqda biz dərhal bunu araşdırırıq. Son dövrlər ərzində belə müraciətlər Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə daxil olmayıb”.

Hadı Rəcəbli- Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri: “On il bundan əvvəl Azərbaycanda küçələrdə belə halları görürdük. Artıq bunların qarşısı alınır. Bunun da səbəbi bizdə ölkədə gedən proseslər, ailələrdə evlərdə mədəniyyətin yüksəlməsidir”.

Valideynlərindən nümunə götürən uşaqların əmək fəaliyyətinə məqsədyönlü yönəldilməsinin ənənə kimi çox qədim tarixi var. Həyati tələbat kimi uşaqların əməksevərlik ruhunda yetişdirilməsi xalq tərbiyəsinin əsasını təşkil etdiyi kimi, təhsil müəssisələrinin tədris proqramlarında da yer alır. Bununla belə hələ də cəmiyyətimizdə yuxarı da bəhs etdiyimiz Elxan kimi uşaqlara da rast gəlinir. Hansı ki, bunun obyektiv və subyektiv səbəbləri var.

Lakin uşaqların gücünü aşan, ağır işlərlə sınanması onların əməyinin istismarı deməkdir və göründüyü kimi buna nə vicdan, nə də qanun qarşısında bəraət qazandırmaq olmaz. Gələcəyimiz onların əlindədir axı və biz bu gələcəyi həm psixoloji, həm də fiziki sağlam əsaslarla qurmalıyıq...

Vüsalə Camal