• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 849
— 30.04.2015 16:07

Eldar Şamı Dövlət Təbiət Qoruğu hazırda Qırmızı Kitaba düşən flora və faunanın qorunmasını həyata keçirir

Qafqazda ilk dəfə qorunan ərazilər siyahısına daxil edilən Samux rayonunun Gürcüstanla həmsərhəd olan Eldar Şamı Dövlət Təbiət Qoruğu, hazırda Qırmızı Kitaba düşən flora və faunanın qorunmasını həyata keçirir. Qoruq dünyada Eldar Şamı kimi tanınan həmişəyaşıl ağacın vətəni hesab edilir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən yaradılan Eldar Şamı Dövlət Təbiət Qoruğu 1686 hektar ərazini əhatə edir. Ərazinin 392 hektarını Eldar Şamı, 259 hektarını tuqay meşələri, qalan hissəsini isə yarğanlar və düzənlik təşkil edir. Qoruq şərqdən Bozdağ silsiləsi, qərbdən isə Qabırrı çayı ilə əhatə edilir. İnsan amilinin rol ounamadığı qoruqda Azərbaycanın Qırmızı Kitabına düşən heyvan və quş növləri təbii şəraitdə yaşayır. Ərazidə Bozdağ silsiləsinin ən hündür zirvəsi sayılan Eldaroğlu dağı da elm adamlarının tədqiqat yeridir.

Yusif Kazımov -Eldar Şamı Dövlət Təbiət Qoruğunun direktoru: "Qoruqda əsasən Eldar şamı, ardıc, saqqız ağacları, qaratikan, zırnış, Eldar armudu və digər qiymətli bitkilər geniş yayılıb. Eldar Şamı Dövlət Təbiət Qoruğunda yerləşən şam ağacları dünyanın bütün yerinə buradan yayılıb. Eldar Şamının təbii vətəni bura sayılır".

Ərazidə canavar, çaqqal, tülkü, dovşan, çöl pişiyi, donuz, müxtəlif növ ilanlar, nəsli kəsilməkdə olan quşlar yaşayır. Son illərdə qoruqda ayılara da rast gəlinir.

Yusif Kazımov -Eldar Şamı Dövlət Təbiət Qoruğunun direktoru: "Əsasən yay aylarında meyvə dəyən vaxtları ayıların bu ərazilərə miqrasiya etməsi halları olur. Ərazidə ayı izləri bunu deməyə əsas verir".

Dünyaca məşhur olan Eldar Şamı 120 il yaşayır və quraqlığa davamlı ağac sayılır. Eldar Şamı Azərbaycanla yanaşı Almaniya, Rusiya, Polşa və Orta Asiya ölkələrində geniş yayılıb. Qoruq elm adamlarının diqqət mərkəzində olduğu üçün ərazidə  Elmi Tədqiqat Mərkəzi də fəaliyyət göstərir.

Xaliq Qurbanlı