• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3652
— 29.04.2015 17:25

Şabran rayonunda 2 mərtəbəli ev yanaraq külə dönüb

Şabran rayonunda güclü yanğın hadisəsi baş verib. Alov 2 mərtəbəli yaşayış evini külə döndərib. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Hadisə bu gün gecə saatlarında Şabran rayonun Ağalıq kəndində qeydə alınıb. Kənd sakini 76 yaşlı Lumu Əhmədovaya məxsus 2 mərtəbəli, 4 otaq və 2 aynabənddən ibarət ev yanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov bütün evi içindəki əşyalarla birlikdə külə döndərib. Yanğınsöndürənlərin səyinə baxmayaraq heç bir əşyanı yanğından xilas etmək mümkün olmayıb. Yalnız ətrafdakı yaşayış evləri və yardımçı tikililər yanğından mühafizə olunub. Hadisə nəticəsində mənzildə olan 3 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onlar ev sahibəsi Lumu Əhmədova, oğlu Pənah Əhmədov və nəvəsi Etibar Əhmədovdur. Xəsarət alan şəxslər dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara lazımi tibbi yardım göstərilib. Yanğının baş vermə səbəbləri hələ ki, məlum deyil.

Faktla bağlı araşdırmalar davam etdirilir.