• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2592
— 08.11.2019 15:48

Bayraq günü təntənə ilə qeyd olunur

KepezTV Player

Dövlət Bayrağı günü münasibətilə qərb bölgəsində müxtəlif məzmunlu tədbirlər təşkil olunub. Xalqımızı birliyə səsləyən bayram tədbirləri bir-birindən maraqlı görüntülərlə yadda qalıb.

Şəmkirdə Dövlət Bayrağı günü təntənə ilə qeyd edilib. Nəfəsli orkestrin müşayiəti ilə keçirilən tədbir bayraq yürüşü ilə əlamətdar olub. Rayon ictimaiyyəti hərbçilərlə birgə uzunluğu 100 metr olan üçrəngli bayrağı çiyinlərində bayraq meydanına gətiriblər. Ümumilikdə 500-ə yaxın şəmkirli Şəhidlər Xiyabanından Bayraq Meydanına yürüş edib. Meydanda məktəblilərin də marş sədaları altında keçidi olub. Üçrəngli bayrağın hər bir azərbaycanlı üçün qürur simvolu olduğu, dünyada ilk ən hündür bayrağın Azərbaycanda<br>dalğalandığı, ölkənin bütün bölgələrində bayraq muzeylərinin yaradıldığı vurğulanıb. Şəmkirin Bayraq meydanında dalğalanan bayraq isə hündürlüyünə görə Respublikada ikinci ən uca bayraqdır. Bayram tədbirində Azərbaycan bayrağının tezliklə Dağlıq Qarabağda da dalğalanacağına əminlik ifadə olunub. Sonda musiqi kollektivləri Vətənə, qəhrəmanlığa həsr olunan konsert proqramı ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Goranboyda da “Bayraq yürüşü” keçirilib. Şəhidlər abidə kompleksinin önündən başlayan yürüşün iştirakçıları əvvəlcə torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan mərd mübarizləri yad ediblər. Üç mindən çox insanın iştirak etdiyi yürüş Heydər Əliyev prospekti ilə dahi şəxsiyyətin adını daşıyan park kompleksədək davam edib. Yürüş boyu milli atributlarımızın, gənclər arasında vətənpərvərlik və milli-mənəvi dəyərlərin təbliği aparılıb. “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram və bağlılıq ruhunda tərbiyə olunması baxımından xüsusi rolu vurğulanıb. Azərbaycan Silahlı Qüvvələrinin üçrəngli bayrağımızı işğal altında olan ərazilərimizdə dalğalandırmağa hər an hazır olduğu önə çəkilib. Tədbirdə əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdirib, milli vətənpərvərliyi əks etdirən mahnılar ifa olunub. Sonra iştirakçılar rayonda yaradılan bayraq muzeyi ilə tanış olublar.

 

Minlərlə Samux sakini də Heydər Əliyev prospekti ilə Dövlət Bayrağı Meydanına qədər yürüşə çıxıb. Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışılıb. Ölkəmizin bütün bölgələrində bayraq meydanlarının və muzeylərinin inşa edilməsi xalqımızın dövlət bayrağına olan sevgi və hörmətinin təcəssümü kimi qiymətləndirilib. Azərbaycan bayrağının Qarabağda dalğalanacağına əminlik ifadə edilib. Tədbir rayon məədniyyət işçiləri və məktəblilərin çıxışları ilə davam edib.   

Qazaxda isə "Qarabağ Azərbaycandır!" devizi altında avtoyürüş baş tutub. Torpaqlarımızın müdafiəsi uğrunda canından keçən vətən oğullarının məzarını ziyarət edildikdən sonra maşın karvanı şəhərin mərkəzinə istiqamətlənib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən təşkil olunan bayraq yürüşü yol boyu piyadaların marağına səbəb olub. Avtoyürüşə qazilərə dövlət tərəfindən verilən  avtomillər qatılıb. Gəncə istiqamətinə hərbçilərin müşayəti ilə yola düşən karvana Ağstafa, Tovuz və Şəmkirdən avtomobillər də qoşulub. Yürüş Gəncədəki “N” saylı hərbi hissədə başa çatıb. 

 

Natiq Hüseyn