• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4163
— 31.10.2019 18:56

Çəkdiyi əsərlər onun "həvəskar" rəssam olduğuna şübhə doğurur

KepezTV Player

Lamiyə Babayeva təxminən 3 ilə yaxındır ki, həvəskar rəssamlıqla məşğul olur. Ailəsi, ətrafdan gələn dəstək və müsbət fikirlər onu uşaqlıqdan həvəs göstərdiyi sahədə özünü sınamağa vadar edib. Nəticənin ürəyaçan olması isə onda bu işi davam etdirmək fikrini qətiləşdirib.

Lamiyə Babayeva həvəskar rəssam: Sözün açığı hələ ürəyimcə heç nə yoxdur. Nə qədər çəksəm də razı qalmıram. Bəyənənlər çoxdur, deyirləryaxşıdı, amma özüm-özümü razı sala bilmirəm. Fikirləşirəm bundan da yaxşı alına bilərdi. Bu işi görməyə məni yalnız öz istəyim məcbur eləyib.

Həvəskar rəssam hazırda sosial şəbəkələrdə əl işlərini sərgiləyir, eyni zamanda sifarişlər götürür. Daha çox təxəyyülünün məhsulu olan əsərlərə həyat verməyi sevir.

Lamiyə Babayeva həvəskar rəssam:Önəmli olan istəkdir, istək olduqdan sonra hər şeyi bacarmaq olar. Ən sevdiyim qrafikadır, yəni ağ-qara. Portretə hiss verməyi sevirəm. Hissləri önə çıxara bildiyim üçün portret çəkməyi daha çox sevirəm.

İstedadlı rəssamın fikrincə, istənilən rəsm əsərinə xırda toxunuşlar, müəyyən əlavələr eləyəndə, nəticə daha yaxşı olur. Bununla belə, müsahibimiz hər əl işinə "sadəlik gözəllikdir" prinsipi ilə yanaşır.

Lamiyə Babayeva həvəskar rəssam:Çox yaxşı əl işləri olan gənc rəssamlarımız var. Onları izləyirəm. Mənim üçün ən ideal rəssam Sakit Məmmədovdur. Onun əsərlərini çox sevirəm, nə vaxtsa onun texnikası ilə tanış olmağı çox istəyərdim. Sərgilərdə də iştirak etməyə çalışıram. Bu ilin avqust ayında Mehriban Əliyevanın “Humanizm memarı" adlı sərgisi keçirildi. Ora qatıldım və çox razı qaldım, məmnun oldum.

Lamiyə Babayeva gələcəkdə rəsm emalatxanası açıb, əsərlərini daha böyük auditoriyaya təqdim etmək niyyətindədir. Hələlik isə o növbəti respublika sərgisində uğurlu iştirakı və Gəncənin adını layiqincə təmsil etməyi qarşısına məqsəd qoyub.